Naxçıvan şəhər Qoçüstü məhəlləsində bir həftəlik təmir adı ilə dayandırılan liftlər iki aydır işləmir. Sakinlər deyir ki, yeni liftlər quraşdırılıb, lakin şaxtalardakı təmir və tikinti işləri uzandığı üçün hələ istifadəyə verilməyib.
Bundan əlavə, söküntü və montaj zamanı bloklarda yığılan zibillər də təmizlənməyib. Bu isə sakinlər üçün həm təhlükə, həm də antisanitar şərait yaradır. Əsas problemin məhəllədəki 3-cü binanın bütün bloklarında yaşandığı bildirilir.
Tikintinin gecikdirilməsini səriştəsizlik kimi qiymətləndirən bina sakini A. Məmmədov bu vəziyyətin yuxarı mərtəbələrdə yaşayan yaşlı və xəstə insanların, azyaşlı uşaqlı ailələrin gündəlik həyatını çətinləşdirdiyini bildirir:
“İki aydır lift yoxdur. Yaşlı anam var, hər gün yuxarı mərtəbəyə piyada qalxıb-düşürük. Həkimə aparmaq üçün bəzən qonşuların köməyinə möhtac qalırıq. Lift söküldü, yenisinin quraşdırılması yubadıldı. İndi quraşdırılıb, amma tikintinin tamamlanma işləri görülmür. Nə iş görən var, nə məsuliyyət daşıyan. Aidiyyəti qurumlara müraciət edirik, ya cavab vermirlər, ya da bir-birinin üzərinə atırlar.”
Digər şikayətçi Surxay Nəcəfov isə bu halı sakinlərə qarşı laqeydlik kimi qiymətləndirir:
“Lift quraşdırılıb deyirlər, amma iş bitməyib. Tikinti işləri yekunlaşmayıb. Bu səbəbdən liftləri işə salmırlar. Bir həftədir heç bir iş görülmür. Blok zibillik içindədir, uşaqlar üçün təhlükəlidir. Hər gün yaşlı insanlar pilləkənlərdə yıxılmaq riski ilə üz-üzə qalır. Sanki bu binalarda yaşayanlar insan deyil. Problemi həll etmək əvəzinə, insanların əziyyət çəkməsinə göz yumurlar. Bakıdan gələn briqada liftləri quraşdırıb, gedib. Yerdə qalan təmir-tikinti işlərini şəhər İcra Hakimiyyəti görməlidir. Lakin bu qurum bizi saya qoymur, öz öhdəliyini yerinə yetirmir.”
Naxçıvan şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənməyə çalışdıq, lakin cavab ala bilmədik.
"Gündəlik Naxçıvan"











