"Kristal" şirkətinə məxsus "City Garden" layihəsi tərəfindən Keşlə qəsəbəsi ərazisində hündürmərtəbəli yaşayış binasının tikintisinə başlanılıb. "DİA-AZ" xəbər verir ki, bundan sonra da ərazidə yaşayan sakinlərin qara günləri başlayıb.
Şikayətçilərin sözlərinə görə, sözügedən ərazidə yaşayan sakinlərin böyük əksəriyyətinə kompensasiya ödənilərək köçürülmə həyata keçirilsə də, hazırda orada yaşayan 7 ailəyə kompensasiya verilməsindən imtina edilib.
İddia olunur ki, həmin ailələr evlərini tərk etmək istəmədikləri üçün şirkət nümayəndələri tərəfindən polis vasitəsilə hədələndiklərini və zorla çıxarılmaq istənildiklərini bildirirlər.
Məsələn, narazı düşən sakinlərdən biri - Rizvan Əzizov qeyd edir ki, məsələ ilə bağlı polis və digər aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir nəticə əldə olunmayıb.
Çarəsiz durumda qaldıqlarını deyən sakinlər, xüsusilə qış mövsümündə evsiz qalmaq təhlükəsi ilə üz-üzə olduqlarını vurğulayaraq, Prezident İlham Əliyevdən kömək istəyirlər.











