
"Kapital Bankın ədalətsiz faiz siyasəti barədə yazmışdım. Ancaq baxıram ki, burda söhbət nəinki ədalətsiz, hətta soyğunçu faiz siyasətindən gedir. Bəli, bu faiz siyasəti tamamilə soyğunçuluqdur..." "DİA-AZ" xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbərliyinə ünvanlanmış müraciətində tanınmış iqtisadçı ekspert Samir Əliyev qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Əvvəla, kredit kartlarına tətbiq etdikləri illik faiz dərəcəsi 35%-dir. Bu, ölkə üzrə faiz dərəcəsindən 2 dəfə çoxdur. Heç lombardlar bu qədər insafsız deyil. İkincisi, kartdan xərclədiyin vəsaitə görə güzəşt müddəti ötdükdə faiz dərəcəsi hər gecikən günə görə yox, bütün güzəşt müddətinə tətbiq edilir. Üçüncüsü, yatırdığın vəsaiti vaxtında qeydə alınmadığından əlavə faiz borcu yığılır.
İndi isə ikinci və üçüncü barədə bir az geniş yazım. Bankın məlumatına əsasən, xərclədiyim təxminən 355 manat vəsaitin güzəşt müddəti martın 2-də bitməli idi. Yəni martın 2-si saat 19.00-a qədər vəsaiti ödəməyəcəyim təqdirdə illik 35% həddində faiz hesablanacağ barədə xəbərdarlıq edilmişdim. Mən də öz növbəmdə vəsaiti tam qaytara bilməsəm də, iqtisadçı olaraq zərərinmümkün qədər azaldılmasına çalışdım. Buna görə də martın 1-i tarixində 3 dəfə olmaqla ümumilikdə 115,88 AZN (60 AZN + 50 AZN + 5.88 AZN) ödədim. Martın 2-də gördüm ki, bu vəsaitdən 60 AZN-i nəzərə almayıb və onu atıblar martın 31-i tarixində bitən güzəştin üzərinə. Müddəti bitən 355 manatdan cəmisi 55,88 manatı nəzərə alıblar. Bank bunu etməklə mənim gündəlik faiz borcumu 6 qəpik artırıb. Yəni 6 qəpik irəli düşməyi özünə rəva bilib. Bu, məsələnin bir tərəfi.
Keçək digər tərəfinə. 1 gün sonra, yəni martın 3-də 300 manata hesablanmış faiz borcunun 29 qəpik (300 x 35%/365 gün) olduğunu gördüm. Hərçənd ki, qanuni olsaydı yuxarıdakı abzasda qeyd etdiyim kimi 23 qəpik olmalı idi. Dünən axşam, yəni martın 3-də karta 92 manat yatıranda məlum oldu ki, hesaba 81,71 manat daxil olub. Bank özünə 10 manat 29 qəpik götürüb. 29 qəpiyi başa düşdük, bəs 10 manat haradan ortaya çıxdı? Elə bu sualla banka üz tutdum və onlardan şoka salacaq cavab aldım. Sən demə 10 manat yanvar-fevral ayları üzrə "güzəştli vəsaitə" görə hesablanmış faiz borcudur. Yəni 1 gün gecikdiyi üçün təkcə 1 günün faizi yox, birlikdə 2 ayın faizi alınır. Etiraz edəndə də müqavilədə bu şərtin olduğunu xatırladırlar.
Məsələyə geniş yanaşdıqda isə görürsən ki, söhbət nə 6 qəpikdədir, nə də 10 manatda. Söhbət milyonlarla müştərinin "6 qəpikləri" və "10 manatları" hesabına faiz gəlirlərinin və komissiyon qazanclarının artmasından gedir. Ötən il bank əldə etdiyi faizlərin həcmi 1.1 milyard manat, haqq və komisyaların həcmi isə 672 milyon manat olub. Hesaba pul yatıranda şənbə-bazar, bayram günü olduğu üçün nəzərə almırlar, amma faiz hesablayanda az qala saatı da nəzərə alsınlar. Açığı Məkəzi Bank tərəfindən bankların faiztutma və komisyon haqqı tətbiq etmə prosesinə nəzarət etməsinə şübhəm var. Əks halda bu tipli özbaşınalıq geniş vüsət almazdı. Mərkəzi bankın buna resursu da bəs etməz.
Buna görə də Mərkəzi Bank bir tərəfdən nəzarəti gücləndirərək müştərilərin aldadılması hallarının qarşısını almalıdır, digər tərəfdən qanunvericilik bazasının təkmillşdirməlidir ki, banklar çətinə düşəndə insafsızcasına tərtib etdikləri müqavilənin şərtlərinə istinad etməsinlər (bu barədə son statuslarımın birində yazmışam).
Əgər faizlərin hesablanmasına az-çox anlayışı olan müştəri belə qanunsuzluqla üzləşirsə. onda gör maliyyə savadı olmayan müştərilər necə aldadılır..."











