"Başıma gələn bir vəziyyəti paylaşmaq istəyirəm və bankın mövqeyini anlamaqda çətinlik çəkirəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Orxan Hüseynov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "27 fevral tarixində kartımdan mənim icazəm olmadan 29.99 ABŞ dolları məbləğində əməliyyat həyata keçirilib. Bu barədə banka müraciət etdim və mübahisə (dispute) açıldı. Mübahisənin açılması üçün məndən 19 ABŞ dolları komissiya tutuldu.
Bu gün bank tərəfindən bildirildi ki, aparılmış araşdırmanın nəticəsinə görə əməliyyatın mənim tərəfimdən edilmədiyi təsdiq olunub və mübahisə mənim xeyrimə həll olunub.
Lakin maraqlı məqam odur ki:
1. Bank yalnız 29.99 ABŞ dollarını geri qaytardı
2. Həmin əməliyyat üzrə tutulmuş 9.28 AZN ƏDV geri qaytarılmayıb (sonradan müraciətimdən sonra qaytarılacağı bildirildi, lakin tarix qeyd olunmadı)
3. Müraciət zamanı 19 ABŞ dollarının mübahisə uğurla mənim xeyrimə yekunlaşarsa geri qaytarılacağı barədə məlumat verilmişdir. Hazırda isə bu komissiyanın geri qaytarılması məsələsi ilə bağlı fərqli mövqe bildirilir
Xahiş edirəm bank nümayəndələri bu məsələ ilə bağlı aydınlıq gətirsinlər..."











