Naxçıvanda keçirilən sınaq imtahanlarının qiyməti iki dəfə artırılaraq 20 manat olub. Bu isə maddi çətinliklər içində yaşayan ailələrin vəziyyətini daha da ağırlaşdırır.
Valideynlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu işdə yerli Təhsil Nazirliyinin də rolu var. Onlar hesab edirlər ki, sınaq imtahanlarını keçirən özəl müəssisələr nazirliklə əlbirdir və əldə olunan qazanc onların arasında bölüşdürülür.
Valideynlərdən Şirzad Həsənov sınaq imtahanlarının dövlət təhsil müəssisələrində keçirilməsinə şərait yaradılmasını bu əməkdaşlığın nümunəsi kimi göstərir:
“Nariz əsasən “Güvən” və “OTK” adlı test götürən qurumlarla əlbirdir. Bu qurumların hansı statusla fəaliyyət göstərdiyi, pulların kimə köçürüldüyü və nə qədər vergi ödədikləri barədə heç bir məlumat verilmir. İndi də qiyməti 20 manata qaldırıblar. Əgər bunlar özəl qurumlardırsa, niyə dövlət məktəblərinin binalarından istifadə edirlər? Dövlət qurumudursa, niyə qiymətlər bu qədər yüksəkdir? Şəffaflıq yoxdur.
Əvvəllər belə deyildi. Elxan müəllim gələndən sonra sonra vəziyyət dəyişib. Sınaq imtahanlarının onun nəzarətində keçirildiyi və toplanan pulların da ona çatdığı deyilir.
Dövlət müəssisələrinin bu prosesdə hansı rolu oynadığı, imtahanların sürücülük və peşə məktəblərinin binalarında keçirilməsinin izahatı verilmir. İmtahan təşkilatçılarının hansı quruma tabe olduqları, vergi və icarə haqqı ödəyib-ödəmədikləri barədə suallar isə cavabsız qalır.”
Digər valideyn Nahid Cəlilov deyir ki, əvvəllər sınaq imtahanları 5-10 manat idi və qiymətlərin artırılması onun ailə büdcəsinə ciddi təsir edir:
“Hər ay sınaq imtahanları təşkil olunur. Sistemi elə qurublar ki, bu imtahanlarda iştirak etməyən şagirdin təhsili də normal olmur. Bütün valideynlərin arzusu uşaqlarının yaxşı təhsil almasıdır. Üç övladım fərqli siniflərdə oxuyur. Birini sınağa göndərib, digərini göndərməmək olmur.
Əvvəllər üç uşaq üçün ödədiyim pulu indi bir uşaq üçün ödəməli oluram. Maaşlarda artım yoxdur. Bu isə ailə büdcəsinə ciddi ziyan vurur. Bir tərəfdən deyirlər ki, məcburi deyil, özəl qurumdur, digər tərəfdən isə dolayısı ilə təşviq edirlər.”











