
Göyçay şəhəri, Xətai küçəsi, ev 19 ünvanında yaşayan 2-ci Qarabağ müharibəsi veteranı Abbasov Daşqın Vüqar oğlu tərəfindən ölkə rəhbərliyinə növbəti müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən, Abbasov Daşqın Vüqar oğlu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış Vətən müharibəsinin iştirakçısı, 2-ci Qarabağ müharibəsi veteranıyam. Sizin müvafiq sərəncamlarınıza əsasən “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam.
Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərən Ağsu Regional Qaz İdarəsinin Kürdəmir Xidmət Sahəsinin Sayğac Əməliyyatları Xidmətində 11-ci dərəcəli böyük mühəndis vəzifəsində çalışıram.
Yaşayış yerim Göyçay rayonunda yerləşir. Buna baxmayaraq, hər gün təxminən 75 km məsafə qət edərək Kürdəmir rayonuna gedib-gəlmək məcburiyyətindəyəm. Bu vəziyyət fiziki, psixoloji və maddi baxımdan ciddi çətinliklər yaradır, eyni zamanda ailə həyatımın normal təşkili və sosial rifahım üzərində mənfi təsir göstərir. Himayəmdə olan yaşlı atamın mövcudluğu isə ailə öhdəliklərimi daha da artırır və yaşayış yerimə yaxın ərazidə işləməyimi zəruri edir.
Məsələ ilə bağlı dəfələrlə SOCAR və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına müraciət etmişəm. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru cənab Azər Məmmədovun qəbulunda iki dəfə olmuş, iş yerimin ixtisasıma uyğun olaraq Göyçay rayonuna və ya yaxın əraziyə (usta və ya mühəndis vəzifəsi üzrə) dəyişdirilməsi üçün köməklik göstərilməsini xahiş etmişəm. Lakin müraciətlərim formal cavablarla nəticələnmiş, sosial vəziyyətim nəzərə alınmamış və hər hansı effektiv həll yolu təqdim edilməmişdir.
Göyçay və ətraf rayonlarda mövcud vakant vəzifələrə etdiyim müraciətlər isə ziddiyyətli əsaslarla rədd edilmişdir:
- usta vəzifəsi üçün — iş təcrübəmin uyğun olmaması;
- Böyük mühəndis vəzifəsi üçün — təhsilimin uyğun olmaması.
Bu hallar qəbul edilən qərarların obyektivlik və şəffaflıq prinsiplərinə uyğun olmadığını göstərir.
Bildirirəm ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müharibə veteranlarının sosial müdafiəsi, məşğulluq imkanlarının yaxşılaşdırılması və sosial rifahının təmin edilməsi dövlət orqanlarının birbaşa vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş bərabərlik, sosial müdafiə və əmək hüquqları prinsiplərinə əsasən vətəndaşların hüquqları qorunmalı, ayrı-seçkiliyə yol verilməməlidir.
Mövcud vəziyyət nəticəsində müharibə veteranı kimi hüquqlarım faktiki olaraq məhdudlaşdırılır, sosial rifahım isə ciddi şəkildə pisləşir.
Eyni zamanda qeyd edirəm ki, məsələ ilə bağlı bütün daxili müraciət imkanlarından istifadə etməyimə baxmayaraq, effektiv nəticə əldə olunmamışdır ki, bu da hüquqlarımın müdafiəsi baxımından əlavə çətinliklər yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm:
1. “Azəriqaz” İstehsalat Birliyində müharibə veteranlarına münasibətlə bağlı mövcud vəziyyətə hüquqi qiymət verilməsi;
2. İş yerimin yaşayış yerim olan Göyçay rayonuna və ya yaxın əraziyə, ixtisasıma uyğun vəzifə üzrə dəyişdirilməsi imkanının araşdırılması və təmin olunması;
3. Müharibə veteranı kimi sosial müdafiə, məşğulluq və dövlət qayğısı ilə bağlı hüquqlarımın təmin edilməsinə köməklik göstərilməsi;
4. Müraciətimə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq obyektiv və əsaslandırılmış cavab verilməsi.
Hörmətlə,
Abbasov Daşqın Vüqar oğlu
Azərbaycan Respublikası vətəndaşı
2-ci Qarabağ müharibəsi veteranı
“Ağdamın azad olunmasına görə” medalı laureatı
“Vətən müharibəsi iştirakçısı”
Əlavələr: Müraciətlərin cavabları
1. Omudsman Aparatı – müraciətə cavab verib.
2. “Azəriqaz” İstehsalat Birliyi / SOCAR – baş direktor cənab Azər Məmmədova edilmiş müraciətlər cavablandırılıb, lakin iş yerinin dəyişdirilməsi ilə bağlı konkret həll təklif edilməyib.
3. Milli Məclis – müraciətə cavab verib.
4.Vakant vəzifələr üzrə cavablar:
Usta vəzifəsi: müraciət iş təcrübəsinin uyğun olmaması səbəbi ilə rədd edilmişdir.











