Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı özünün sosial şəbəkə hesabında növbəti dəfə SOCAR rəhbərliyinə xitab edərək işçiləri narahat edən problemi ictimailəşdirib.
"SOCAR sahə üzrə məsul şəxslərin diqqətinə..." ünvanlı başlığı altında NHMT sədri yazır: "Araşdırılmasına ciddi ehtiyac duyulur. Qanun deyir ki;
-✅İnzibati Xətalar Məcəlləsi Maddə 193. İşçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmə
Əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə-min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
✅Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar..."
Mirvari Qəhrəmanlı bunun ardından SOCAR Neft Kəmərləri idarəsində çalışan işçilərin müraciətini təqdim edir: "İşçilər yazırlar ki, qeyd olunan qanunlar onların işəgötürəni tərəfindən pozulur. Belə ki:
Neft Kəmərlərinin Qaradağ İstehsalat Bölümünün Birləşdirilmiş Neftin Nəqli sahəsinin işçilərinə servis maşını verilirdi, amma indi verilmir. 3 sahənin neftin nəql edirik. Binəqədi, Bibiheybət və Lökbatan... Qalmışıq yollarda... maaşımızın çox hissəsi taksilərə, yollara gedir. Amma bunu həll edə bilmir Qaradağ İstehsalat Bölümü və Neft Kəməri İdarəsi....
3 sahədir. Tək neft nəql etmirik biz. Bizə aid olmayan işləri də gördürürlər bizə. Ot vurmaq... nəbilim dırmıxlamaq. Üstəlik fəhlə maşını da yoxdur. Səhər aparır, amma axşam növbə işinə gedəndə, növbə işindən çıxanda müdiriyyət deyir, özünüz bilərsiniz: nə ilə gedirsiniz gedin. Amma "pikap" onu evindən götürür, evine aparır. Rəis rahat gedir, biz fəhlələr qalırıq yollarda. Heç 1000 manat maaş almırıq. And ola Allaha... 300 manatdan çox yol pulu marşrut taksiyə veririk...
✅Biz təkcə neft nəql etmirik. Bu 3 sahənin otunu da biz vururuq... ,,kraska işi... ağac əkmək-filan.... yəni nə iş oldu..."











