"Tovuzda ət kəsim məntəqələrində sanitar-gigiyenik norma və qaydalara əməl olunmur. Yerlər düzgün seçilməyib". "DİA-AZ" xəbər verir ki, bu barədə yerli fəal Vaqif Əhmədovun sosial şəbəkə hesabındakı paylaşımında deyilir.
O daha sonra yazır: "Burada sahibkarların da məsuliyəti çoxdur. AQTA- nın məsuliyyəti daha çoxdur. NƏZARƏT YOXDUR. Tovuz rayonu ərazisində cəmi 2 ət kəsim məntəqəsi fəaliyyət göstərir. Açığı bu qədər böyük bir ərazidə, 180 min əhalisi olan bir rayonda 2 Ət Kəsim Məntəqəsinin fəaliyyət göstərməsinin izahı belə yoxdur. Nəzərə alsaq ki, AQTA ət dükanlarından və şadlıq evlərindən heyvan kəsimini ancaq bu 2 Ət Kəsim Məntəqəsinhə həyata keçirməyi tələb edir, o zaman insanlara verilən zülm və biznesə dəyən zərəri təsəvvür edin...
Bir tərəfdən sahibkarlar kəndlərdən heyvanları gətirmək əziyyətinə qatlaşır, əlavə xərclərə düşürlər, digər tərəfdən isə çəkdikləri əziyyətin və xərcin qarşısında gördükləri xidmət onları sadəcə şoka salır. Çünki saatlarla məntəqədə qalan ət sadəcə xarab olur və istifadəyə yararsız hala gəlir.
Təsəvvür edin ki, Tovuzun ucqar kəndlərindən 50-60 km məsafədən heyvanı gətirib Ət Kəsim Məntəqəsində kəsdirmək və geri aparmaq sahibkarlar üçün nə boyda xərc və nə boyda əziyyətdir. Bu zaman ərzində isə ətin xarab olması da qaçılmazdır. Heyvanı öz dükanında kəsən sahibkarlar isə AQTA tərəfindən 1500 manat miqdarında cərimələnir və cəriməni ödəməyənlərin dükanları bağlanır.
Fəaliyyət göstərən Ət Kəsim Məntəqəsinin biri Tovuz şəhərinin mərkəzində Təzə Bazar deyilən ərazidə yerləşir. Burada antisanitariya hökm sürür. Tullantılar günlərlə oradan götürülmür. Ət kəsim Məntəqəsinin 10-15 metrliyində bir çox anbarlar, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlər fəaliyyət göstərir. Bu qəti qadağandır. Heç bir təlimata əməl olunmur. Bu məntəqə yaşayış məntəqələrinin bir neçə metrliyində yerləşir. Bu məntəqənin yaxınlığında yaşayan sakinlər şikayət edirlər. Üfunət iyindən və milçəklərin evlərinə dolmasından əziyyət çəkirlər. Burada yaşlılar və uşaqlar da var, ən çox əziyyət çəkən də onlardır. Pis xəstəliklər yayıla bilər. Bu haqqda təcili tədbir görülməlidir....
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar verib.....
Qaydalarda qeyd edilib ki, kəsim məntəqələri avtomobil yollarından - 30 metr; fermalardan - 50 metr; su hövzələrindən - 100 metr; sənaye müəssisələrindən - 150 metr; ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən, o cümlədən yaşayış binalarından - 300 metr məsafədə olmalıdır. Kəsim məntəqələrinin ərazisi ən az 2 m hündürlükdə hasarla hasarlanaraq, digər ərazilərdən ayrılmalıdır.
Stasionar və modul tipli kəsim məntəqələrinin (nəqliyyat vasitələri üçün giriş və çıxış nəzərdə tutulduğu halda) nəqliyyat vasitələri və piyadalar üçün keçidlərdə dezinfeksiyaedici baryerlər olmalıdır. Kəsim məntəqələri diri heyvan mənşəli qida məhsullarını aparan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı giriş və çıxış yolları olmalıdır.
Qaydalarda qeyd edilib ki, kəsim məntəqələrində məişət (təsərrüfat)-içməli sudan istifadə edilməlidir.
Kəsim məntəqəsinin yaxınlığında tullantıların toplanması üçün qapaqlı konteynerlər və həmin konteynerlərin yerləşdirilməsi üçün sahə (meydan) ayrılmalıdır. Tullantı qablarının 2/3 hissəsi dolduğu zaman tullantılar üçün ayrılmış konteynerlərə boşaldılmalı və hər iş gününün sonunda həmin qablar tullantılardan təmizlənməli və dezinfeksiya edilməlidir. Konteynerlər üçün ayrılmış sahələr müəssisədən kənarda yerləşdirilməli və təmiz saxlanılmalıdır.
TƏƏSSÜFLƏR OLSUN Kİ, TOVUZDA BU QAYDALARA ƏMƏL OLUNMUR...
Hər bir kəsim məntəqəsində bu Qaydalara əməl olunmasına nəzarət etmək və müvafiq baytarlıq-sanitariya ekspertizasının aparılması üçün dövlət baytarlıq müfəttişi təhkim edilməlidir. Kəsim məntəqələrinə gətirilmiş heyvanlar və ya quşlar baytarlıq qanunvericiliyinə uyğun olaraq müvafiq müşaiyətedici baytarlıq sənədləri (ekspertiza aktı, baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi) ilə təmin olunmalıdır.
Yazmaq bizdən, tədbir görmək aidiyyəti qurumlardan".
"DİA-AZ" bildirir ki, V.Əhmədov eyni zamanda videogörüntülər də paylaşıb: