2008-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələri saxtalaşdırılıb. Mixail Saakaşvili legitim prezident olmayıb.
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlaması zamanı 2008-ci ilin avqustunda Cənubi Osetiyada baş vermiş silahlı münaqişənin başlanğıcı haqda danışarkən bildirib.
“Saakaşvili heç bir halda Gürcüstanı təmsil etmirdi. O tam qeyri-legitim prezident idi. 2008-ci ildə saxtakarlıq yolu ilə qanunsuz şəkildə prezident oldu. 2008-ci ildə müharibəni kimin başlatdığı Avropa Şurasının qətnaməsində və Haydi Talyavinin (2008-ci il münaqişəsinin səbəblərini araşdıran beynəlxalq komissiyasının sədri, isveçrəli diplomat) hesabatında açıq şəkildə yazılıb. Müharibəni başladan Saakaşvili rejimi idi”, - Kobaxidze deyib.
Qeyd edək ki, 2008-ci ilin 8 avqustunda Gürcüstanın Cənubi Osetiyada həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiya ilə 5 günlük müharibə başlamışdı. Müharibənin nəticəsi olaraq Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyaraq onların ərazisində öz qoşunlarını yerləşdirmişdi.