"Macarıstan Avropa İttifaqında müstəqil xarici siyasət kursu aparan, ilk növbədə öz milli maraqlarını və dövlət prioritetlərini rəhbər tutan və Avropa siyasətinin hamılıqla qəbul edilmiş standartlarını eyniləşdirən azsaylı ölkələrdən biridir. Azərbaycanla Macarıstan arasında oxşarlıqlar çoxdur. Bu ilk növbədə tarixi köklərə bağlılıq amilidir. Eyni zamanda hər iki ölkə özünün geosiyasi, strateji və coğrafi mövqeyi ilə də bir-birinə çox yaxındır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri iki ölkə arasında münasibətlərin inkişafında olduqca önəmli amil kimi də dəyərləndirilir".
Bu sözləri Teleqraf-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Professor Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata açıqlamasında da mühüm mesajlar səsləndirdiyini söyləyib: “Xüsusilə vurğulamaq lazımdır ki, ölkə liderləri arasında şəxsi təmaslar, Prezident İlham Əliyevlə Baş nazir Viktor Orbanın həyata keçirdikləri müstəqil kurs böyük Avropa qitəsində Azərbaycan-Macarıstan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Təsadüfi deyil ki, 2024-cü ilin iyununda Prezident İlham Əliyev TÜRKPA-ya üzv dövlətlərin parlament sədrləri ilə görüşündə demişdir ki, “Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriləndə ilk olaraq Macarıstan bizim müdafiəmizə qalxır. Amma bilirəm ki, bu səbəbdən Macarıstan da Avropa İttifaqının bəzi dövlətlərinin təzyiqləri ilə üzləşir. Budapeşt ədalətin tərəfindədir və beynəlxalq hüquqa hörmətlə yanaşması beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır”. Macarıstan hər zaman ikili standartlara qarşı olduğunu qətiyyətlə ifadə edir. Biz bunu ölkənin rəsmi şəxslərinin verdikləri bəyanatlarda görə bilərik. Rəsmi Budapeştin mövqeyi belədir ki, Avropa İttifaqı həm Azərbaycana, həm də Ermənistana qarşı konstruktiv və balanslı yanaşmaya riayət etməlidir. Bakının pislənməsi Aİ-nin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mənfi təsir göstərə və münaqişənin sülh yolu ilə həlli səylərinə mane ola bilər. Bu, Macarıstan hökumətinin Avropa ictimaiyyətinə açıq mesajı idi”.
Komitə sədri həmçinin, bu ilin aprelində Macarıstan rəsmi olaraq qeyri-Aİ ölkələrinin müdafiə potensialını gücləndirmək, münaqişələrin qarşısını almaq və sülhü təşviq etmək məqsədi daşıyan bədnam Avropa Sülh Fondu (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro “qeyri-öldürücü” hərbi yardımın ayrılmasına mane olduğunu bildirib: “Belə ki, Budapeşt fond vasitəsilə Ermənistana pul axınının qarşısını almaqla Aİ-nin yürütdüyü müharibə siyasətinə və ikili standartlara qarşı çıxış etdi. Beləliklə, Macarıstan bir daha nümayiş etdirdi ki, Azərbaycan kimi o da müharibə deyil, sülh mövqeyi tutur və bu, iki ölkəni yaxın strateji tərəfdaş edir. Bu və digər nümunələr bir daha göstərir ki, Bakı ilə Budapeşt arasında strateji tərəfdaşlıq uzunmüddətli perspektivə yönəlib və başqa alternativ ola bilməz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda Macarıstanın apardığı müstəqil siyasət və bunun hazırkı mürəkkəb zamanda nə qədər çətin olduğunu qeyd edib. Ölkəmizin başçı bildirib ki, “Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”.
Hicran Hüseynova vurğulayıb ki, ölkəmizin başçısının da qeyd etdiyi ki, Macarıstanın müstəqil siyasət aparması Aİ-ni narahat edir: “Məsələn, Macarıstanın türk dövlətləri ilə yaxınlaşması Aİ-ni qıcıqlandırır və Budapeştə əlavə problemlər yaradır. Bu, xüsusilə Baş nazir Viktor Orbanın 2024-cü ilin iyulunda Azərbaycanda keçirilən TDK-nın qeyri-rəsmi sammitində iştirakından sonra özünü daha aydın şəkildə büruzə verdi. Avropa İttifaqının o zamankı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bundan narazılığını bildirdi və qeyd etdi ki, Macarıstan liderinin Şuşada keçirilən sammitdə iştirakı ikitərəfli münasibətlər çərçivəsində baş tutub. Macarıstan TDT ilə münasibətləri inkişaf etdirmək üçün Aİ-dən mandat almadı. Lakin bütün bunlar bu ölkənin ümumən türk dünyası dövlətləri ilə, xüsusən də Azərbaycanla dostluq münasibətlərinə heç bir şəkildə təsir göstərmədi. Elə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirak etdiyi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammitinin keçirilməsi də buna əyani sübutdur. Bütün bunlar bir daha göstərir ki, Macarıstanın baş naziri Viktor Orban həqiqətən də Avropanın ən müstəqil siyasətçilərindən biridir. Macarıstanın çoxvektorlu siyasət yürüdür. Son illərdə Orban macarların türk xalqları ilə tarixi-mədəni əlaqələrinə, eləcə də praqmatik maraqlarına arxalanaraq, türk dünyası ilə əlaqələri ardıcıl olaraq gücləndirir. enerji, investisiya, təhlükəsizlik layihələrini həyata keçirir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Macarıstan istənilən xarici çağırışlara baxmayaraq, həm Cənubi Qafqaz regionunda, həm də bütövlükdə dünyada gərginlik yaratmağa yönəlmiş ümumi bədxahların maraqlarına zidd olaraq vahid strategiyaya riayət edəcəklər”.