Xəbər verdiyimiz kimi, mayın 22-də Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının keçirilən iclasında İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul olunub. Digər qərarla QMİ sədrinin müavini Bəxtiyar Nəcəfov İrəvan qazısı təyin edilib. Daha sonra İrəvan Qazısının Əsasnaməsi təsdiqlənib. İrəvan qazılığı hələlik QMİ-nin binasında yerləşəcək.
Qeyd edək ki, Azərbaycanın dini, hüquqi və ictimai tarixində qazılıq institutu mühüm rol oynayıb. Qazı - İslam hüququ üzrə mütəxəssis, şəriət qanunları əsasında hökm çıxaran, cəmiyyətin dini və hüquqi işlərini tənzimləyən şəxsdir. Tarixi Azərbaycan torpaqlarından olan İrəvan şəhəri də uzun əsrlər boyu bu ənənənin yaşadığı mühüm mərkəzlərdən biri olub. İrəvan qazılığı əsasən İrəvan xanlığı dövründə və sonralar Çar Rusiyası tərkibindəki illərdə bölgənin müsəlman əhalisi üçün dini və hüquqi fəaliyyət göstərib. Qazılıq vasitəsilə nikah, boşanma, miras bölgüsü, torpaq məsələləri və digər ictimai-mədəni hadisələr şəriət qanunları əsasında tənzimlənirdi. Ermənilərin 1828-ci ildən başlayaraq bölgəyə köçürülməsi və azərbaycanlıların mərhələli şəkildə dədə-baba torpaqlarından sıxışdırılması İrəvan qazılığının fəaliyyətini də zamanla zəiflədib. Lakin 20-ci əsrin ortalarında bu vəzifə yenidən rəsmi şəkildə bərpa edilmişdi.
SSRİ dövründə dinə münasibət rəsmi olaraq repressiv idi. Buna baxmayaraq, 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yaradılması ilə dini strukturlar müəyyən qədər bərpa olundu. Bu idarənin nəzdində İrəvan-Naxçıvan bölgəsini əhatə edən qazılıq fəaliyyəti də təsis edildi.
1970-1980-ci illərdə bu qazılıq vəzifəsini bu gün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri olan Şeyxülislam Allahşükür Paşazadə icra edib. O, 1978-1979-cu illərdə bölgədə olan 300-dən artıq məscidi, ziyarətgahı, pir və dini irs abidələrini qarış-qarış gəzmiş, soydaşlarımızla ünsiyyətdə olub, dini irsimizin sənədləşdirilməsinə çalışıb.
Tarixi İrəvan şəhərində və ətraf kəndlərdə azərbaycanlılara məxsus yüzlərlə məscid və dini obyekt olub. Məşhur Cümə məscidi, Hacı Novruzəli bəy məscidi, Təpəbaşı məscidi və digərləri bu qazılığın nəzarətində olub, əhali üçün dini və ictimai mərkəz rolunu oynayıb.
Lakin 1988-ci ildən sonra Ermənistanın monoetnik dövlətə çevrilməsi, azərbaycanlıların tamamilə deportasiya olunması bu məscidlərin də taleyini dəyişib. Onların əksəriyyəti dağıdılıb, bəziləri isə təhqiramiz məqsədlərlə - anbar, içki dükanı və ya muzey kimi istifadə olunub. Cümə məscidinin fars məscidi kimi təqdim edilməsi isə tarixə və dini kimliyə qarşı saxtakarlığın bariz nümunəsidir.
İrəvan qazılığı dövründə sənədləşdirilən məscidlər, Quran nüsxələri və əlyazmaların bir qismi ya xaricə aparılıb, ya da hərraclarda satılıb. Bu, təkcə dini-mədəni deyil, həm də milli yaddaşımıza qarşı yönəlmiş vandalizm aktıdır. Ermənistanın bu barbar hərəkətləri fonunda Azərbaycan dövləti, xüsusən Heydər Əliyev Fondunun dəstəyi ilə azad olunmuş Qarabağda bütün dinlərə aid ibadət məkanlarını bərpa edir. Bu, Azərbaycanın multikultural dəyərlərə sadiqliyinin və dini-mədəni ədalətin bərpasına yönəlmiş siyasətinin göstəricisidir.
Onu da nəzərə çatdıraq ki, İrəvan qazılığı təkcə dini bir vəzifə deyildi - o həm də milli-mənəvi irsimizin qorunması, xalqımızın kimliyinin yaşadılması baxımından mühüm tarixi rol oynayıb. Bu gün həmin qazılığın fəaliyyəti və şahidliyi bizə Qərbi Azərbaycandakı irsimizin miqyasını, ona qarşı törədilmiş zorakılıqları beynəlxalq ictimaiyyətə təqdim etmək üçün mühüm arqumentlər verir. Bu baxımdan, İrəvan qazılığı Azərbaycanın dini və tarixi yaddaşının silinməz bir səhifəsi olaraq daim xatırlanmalıdır.
Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimlinin mövzu ilə bağlı “Yeni Müsavat”a səsləndirdiyi fikirlər diqqət çəkir: “İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının 22 may tarixli qərarı həm tarixi, həm də dini baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu addım yalnız dini idarəçiliyin gücləndirilməsi deyil, eyni zamanda milli kimlik və tarixi yaddaşın qorunması istiqamətində də mühüm mesaj verir.
İrəvan Qazılığı XIX əsrin əvvəllərindən etibarən Qafqazda müsəlman dini idarəçiliyinin mühüm tərkib hissəsi olub. Zamanla bu qurumun fəaliyyəti dayandırılsa da, onun bərpası Azərbaycanın tarixi torpaqlarında dini və ictimai institutların yenidən canlandırılması prosesinin bir hissəsi kimi dəyərləndirilə bilər. Bu, eyni zamanda İrəvan bölgəsində bir zamanlar mövcud olan müsəlman mədəni irsinin xatırlanması və yaşadılması üçün simvolik addımdır.
Yeni təyin olunan İrəvan qazısı Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm. Əminəm ki, Bəxtiyar Nəcəfov bu vəzifədə dini ənənələrin qorunması, İslamın dəyərlərinin təbliği və tarixə bağlılığın gücləndirilməsi istiqamətində çox işlər görə biləcək. Eyni zamanda, İrəvan Qazılığının Əsasnaməsinin təsdiqlənməsi bu qurumun hüquqi əsaslarının və fəaliyyət istiqamətlərinin dəqiq müəyyənləşdirildiyini göstərir. İrəvan Qazılığının ilkin mərhələdə QMİ-nin binasında yerləşməsi isə onun mərhələli şəkildə strukturlaşmasını təmin edəcək.
Bu qərar həm də Cənubi Qafqazda dini və ictimai identitetin bərpası yönündə atılmış mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Qeyd edək ki, insanlar eyni qrupa aid olduqlarını hiss etdikdə kollektiv kimlik yaranır. Bu da tarixi torpaqlarımızın əsl sahibi olan azərbaycanlıların bu ərazilərə qayıdışı baxımından mərkəzləşməsi üçün stimul rolunu oynayır. Azərbaycan İslam mədəniyyətinin önəmli mərkəzlərindən biri olaraq, belə tarixi qurumların fəaliyyətini bərpa etməklə həm öz dini mirasına sahib çıxır, həm də regionda mədəni-dini tarazlığı qorumağa töhfə verir".
Rəsul Mirhəşimli qeyd edib ki, İrəvan Qazılığının fəaliyyətinin bərpası təkcə bir dini strukturun yenidən yaradılması deyil, həm də Azərbaycan xalqının tarixi, dini və mənəvi dəyərlərinə sadiqliyinin ifadəsidir: “Bu qərar gələcək nəsillərə ötürüləcək zəngin irsin dirçəldilməsi və qorunması istiqamətində əhəmiyyətli mərhələdir.
Bəxtiyar Nəcəfovun bu tarixi və mürəkkəb fəaliyyətin öhdəsindən gələcəyinə bir daha inandığımı bəyan edir, ona verilən vəzifənin icrasında uğurlar diləyirəm".
Cənub İslami Araşdırmalar Mərkəzinin direktoru Samid Quliyev sosial media hesabında qeyd edib ki, İrəvan qazılığı - bir simvoldur. Haqqın dönüşünün, unudulmuş tarixin, susdurulmuş haqların yenidən səhnəyə çıxmasının simvoludur: “Bu, Azərbaycanın dini və milli-mənəvi həyatında mühüm bir hadisədir. Qafqaz Müsəlmanları İdarəsinin qərarı ilə QMİ sədrinin müavini Bəxtiyar Mustafa oğlu Nəcəfov İrəvan qazısı təyin olundu. Bu, təkcə dini idarəçilik deyil, milli-mənəvi yaddaşımızın dirçəldilməsi baxımından da tarixi əhəmiyyətə malik bir addımdır. İrəvan tarix boyu Azərbaycan mədəniyyətinin, elm və irfanının mühüm mərkəzlərindən biri olub. Bu torpaqdan yetişmiş böyük alimlər -Seyyidül-Üləmai-Aləmin Murtəza İrəvani, Əllamə Mirzə Yusuf İrəvani, Ayətullah Mirzə Əli İrəvani, Şeyx Əbdül-Kərim İrəvani, Ayətullah Fazil İrəvani və daha yüzlərlə alim, İraqda, İranda, Suriyada və neçə-neçə ərəb islam dünyasında bu irsin canlı sübutudur. Hazırda İraqda yaşayan Ayətullah Şeyx Məhəmməd Baqir İrəvani (1949) isə Ayətullah Sistanidən sonra Nəcəf hövzəsinin rəhbərliyinə əsas namizəd sayılır. O da bu müqəddəs irsin bir davamçısıdır. Erməni mediası artıq bu təyinatla bağlı narahatlığını gizlədə bilmir. Amma Ermənistan unutmamalıdır: Zaman tarixi ədalətin bərpası zamanıdır!”