Türkiyə prezidenti Rəcəb Ərdoğan ölkəsinin sülh diplomatiyasının əsas mərkəzlərindən birinə çevrildiyini deyib. O, danışıqlar üçün Ukrayna, ABŞ və Rusiya prezidentlərini bir araya gətirmək istədiyini bildirib.
Reyting.az “TRT Haber”-ə istinadla xəbər verir ki, o, bunu İstanbulda keçirdiyi görüşdən sonra deyib.
Ərdoğan qeyd edib ki, onun ən böyük arzusu Putin və Zelenskini İstanbulda və ya Ankarada bir araya gətirməkdir.
"Hətta istərdim ki, Tramp da onlara qoşulsun. Əgər razılaşsalar, mən də bu görüşdə iştirak edəcəyəm və beləliklə, biz İstanbulu dünyanın mərkəzinə çevirəcəyik. Son görüşdən sonra buna doğru ilk addımları atacağıq", - o əlavə edib.
Ərdoğan deyib ki, Türkiyənin prinsipial siyasəti Rusiya ilə Ukrayna arasında müharibəyə ədalətli sülhlə son qoymaqdır:
"Bu, həqiqətən də əlamətdar görüş idi. Nəticədə, əvvəllər minlərlə məhbus dəyişdirilsə də, bu dəfə onların sayı artıb. Üstəlik, hər iki tərəfdən ölənlərin cəsədlərinin qarşılıqlı qaytarılması baş verdi. Bu rəqəmlər həqiqətən də təsiredicidir".
Xatırladaq ki, Ukrayna və Rusiya Federasiyasının nümayəndə heyətləri arasında bir saatdan bir qədər çox davam edən görüş mayın 16-dan bəri ikinci görüşdür.
Görüşdən sonra tərəflər müəyyən kateqoriyadan olan hərbi qulluqçuların növbəti mübadiləsi barədə razılığa gələ biliblər və Kiyev Rusiya tərəfindən oğurlanmış bir neçə yüz ukraynalı uşağın siyahısını da verib.
Onu da qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyəti Kiyevə cəbhənin müəyyən bölgələrində müvəqqəti atəşkəs təklifini səsləndirib.