Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent 12" jurnalında qeyd olunub.
Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub".
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, şagirdlərin oxu-yazı bacarıqları artıq ibtidai sinifdə formalaşır:
“Hansısa şagirdin ibtidai sinifdə bu bacarıqları mənimsəməsi və sonrakı illərdə unutması absurd görünür. Deməli burada əsas diqqət edilməli məqam şagirdin 4-cü sinifdən 9-cu sinifə qədər necə qiymətləndirilməsi və sinifdən-sinifə keçirilməsi məsələsidir. Nəzərə alaq ki, şagirdlərə Elm və Təhsil Nazirliyi tərəfindən 4-cü və 7-ci sinifin yekununda monitoring qiymətləndirilməsi keçirilir. Düzdür bu rəsmi qiymətləndirmə deyil. Yəni şagirdlərin yekun qiymətlərinə təsir etmir, amma məhz belə qiymətləndirmələr zamanı şagirdlərin tədris ehtiyacları müəyyənləşdirilməli və hər məktəbə ayrıca "statistik arayış" verilərək metodiki tövsiyyələr göndərilməlidir. Ən əsası isə nəticələr izlənməli və nöqsanlar aradan qaldırılmalıdır. Qeyd edim ki, bu vəziyyət məktəblərdə qiymətləndirmə mexanizmində- bütövlükdə qiymətləndirmənin üsul, forma, vasitələrində ciddi nöqsanların olduğunu da göstərir. Bir çox şagirdlərin elementar biliklərinin olmadığı halda 9-cu sinifə qədər oxuya bilməsində subyektiv amillərin də olması istisna edilmir. İcbari təhsilin 9-cu sinifə qədər olmasına görə müəllimlər və direktorlar oxumayan şagirdləri "birtəhər" bu pilləyə qədər gətirib, oradan məktəbdən xaric edilməsini daha perspektivli yol kimi görürlər”.