Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə 3 (üç) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməlidir.
Bu, Milli Məclisin İnsan Hüquqları komitəsinin dünən keçiriiən iclasında müzakirə edilmiş "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra 7 (yeddi) iş günü ərzində Media Reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial nümayəndəliklərinin bu tələbləri pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin filial və nümayəndəliyin ləğvi üçün əsasdır. Nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında həmin filial və ya nümayəndəliyin internet informasiya ehtiyatına (veb-saytına) müraciət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dərhal məhdudlaşdırılacaq.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərində çalışan jurnalistlər, həmçinin xarici jurnalistlər Media Reyestrinə daxil edilməyəcək.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və ya nümayəndəliklərinin "Media haqqında" qanunun tələblərini pozmaqla fəaliyyət göstərməsi, habelə Media Reyestrindən çıxarılması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsas sayılacaq.
Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad MəcidSherg.az-a bildirib ki, “Media haqqında” Qanun dövrün tələblərinə uyğun olaraq hazırlanmış mühüm dövlət sənədidir:
"Ancaq bütün qanunlarımız kimi, ona da müəyyən dəyişikliklər labüddür. Senzuranın ləğvinədək mətbuat, kütləvi informasiya vasitələri sahəsində dövlət tənzimləməsi var idi. Bu tənzimləmə özü ilə müəyyən, belə demək mümkünsə, qəliblər formalaşdırmışdı. Təbii ki, həmin qəliblər keçmişin qalığı idi və Ulu Öndər ndər Heydər Əliyevin fərmanları həm senzuranı aradan qaldırdı, həm də medianı dövlətsizləşdirdi. Bu, tamamilə yeni mərhələ idi. Bu mərhələ informasiya amilinin qlobal müstəviyə daşınması dövrünə təsadüf etdi. Üstəlik, media fəaliyyətinin özü texnoloji yeniliklərin təsirinə məruz qaldı və proses indi də davam etməkdədir".
Şura sədri əlavə edib ki, ən pisi isə odur ki, texnoloji yeniliklərin verdiyi imkanlar medianı ictimai vəzifə daşıyıcılığı missiyasından çıxarıb, onu silaha çevirdi:
"Qanunlarımız, o cümlədən, “Media haqqında” Qanun da özündə bu mənfi tendensiyaya müqavimət əzmini daşımalıdır. Qanuna son dəyişiklikləri məhz bu baxımdan yüksək qiymətləndirirəm. Düşünürəm ki, dəyişiklik araşdırmaların və müşahidələrin nəticəsi olan sosial sifarişdir. Ümumən, media məkanımızda spekulyasiya hallarının qarşısı alınmalı, media fəaliyyəti ilə bağlı bütüm seqmentlər tam şəffaf olmalıdır. Hesab edirəm ki, dəyişikliyin bu baxımdan da müsbət nəticələrini görəcəyik. Əlbəttə, media sahəsində tam şəffaflığı təmin etmək üçün istər qanunvericilik, istərsə də digər istiqamətlər üzrə əlavə tədbirlərə bundan sonra da ehtiyac duyulacaq".