Bakının "8-ci kilometr bazarı" ilə üzbəüz yerləşən parkın bir hissəsi çayxanalar tərəfindən zəbt edilib. Bu barədə Musavat.com-a müraciət edən sakinlər bildiriblər ki, artıq parkda ailəvi şəkildə gəzmək mümkün deyil.
Şikayətçilərin sözlərinə görə, parkın ortasında sağdan sola qədər masa və stullar düzülüb, çay və spirtli içkilər, xüsusən də pivə satılır. Müştərilər bəzən yüksək səslə danışır, söyüş söyürlər, mübahisələr və hətta davalar baş verir. Belə vəziyyət parkın təyinatına və ailəvi istirahət üçün nəzərdə tutulmasına tamamilə ziddir.
Mütəxəssislər bildirirlər ki, qanunvericiliyə əsasən, park və ya yaşıllıq zonalarında ticarət fəaliyyəti yalnız müvafiq icazə əsasında həyata keçirilə bilər. “Yaşıllıqların mühafizəsi haqqında” qanuna görə, yaşıllıqların zəbt edilməsi, xüsusilə də təyinatından kənar istifadəsi qadağandır və məsuliyyət doğurur.
Bakı şəhər İcra Hakimiyyətinin qəbul etdiyi qaydalarda da park və ya bulvar kimi ictimai yerlərdə stasionar və ya mövsümi iaşə obyektlərinin fəaliyyətinə yalnız müəyyən olunmuş yerlərdə, müvafiq icazə və razılıq əsasında yol verilir. Əgər sahibkar yaşıllıq zolağını qanunsuz zəbt edirsə və piyadaların, xüsusən də uşaqlı ailələrin istirahət hüququnu məhdudlaşdırırsa, bu, inzibati xəta hesab olunur və cərimə ilə nəticələnə bilər.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, amma hələlik nəticə olmadığını bildirirlər. Onlar məsələni gündəmə gətirərək həm icra strukturlarından, həm də polis orqanlarından tədbir görülməsini tələb edirlər: “Biz istəyirik ki, park yenidən uşaqlar və ailələr üçün əlçatan olsun, yoxsa burada dava-dalaş, səs-küy və pivə içən adamlarla dolu bir məkan yaranıb”, -deyə şikayətçilər bildiriblər.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən Musavat.com-a bildirildi ki, “Heydər Bağı – Park Bulvarda ictimai-iaşə obyekti uzun illərdir ki, fəaliyyət göstərir və bu müddət ərzində sözügedən obyektin fəaliyyəti ilə bağlı Rayon İcra Hakimiyyətinə ərazidə yaşayan sakinlər tərəfindən hər hansı bir şikayət daxil olmayıb:
“Məlumat üçün bildiririk ki, yay mövsümündə əhalinin istirahət etdiyi parklarda onların asudə vaxtının daha səmərəli və yüksək səviyyədə təşkili məqsədilə ictimai-iaşə obyektlərinin səyyar xidmət göstərməsi dünyada geniş yayılmış bir təcrübədir.
Sakinlərin redaksiyanıza müraciəti nəzərə alınaraq tərəfimizdən aidiyyəti qurumlarla birgə araşdırma aparılacaq”, -deyə icra hakimiyyətindən bildirilib.