Aparılan təhlillər onu göstərir ki, mühasibat, hüquqşünaslıq, tərcüməçilik ixtisasları üzrə, eyni zamanda bir sıra peşə təhsili müəssisələrində təhsil alan şəxslər – çağrı mərkəzlərinin işçiləri, kamera mütəxəssisləri, jurnalistlər – bu tipli mütəxəssislərin ixtisasları artıq 2030-cu ildə “ölü” olacaq. Yəni onlar demək olar ki, əmək bazarında işləməyəcəklər.
Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov açıqlama verib.
Ekspertin fikrincə, bu ixtisaslara alternativ olaraq süni intellektin ortaya çıxardığı texnologiyalar həmin sahələri tamamilə əvəz edəcək:
“Həmçinin, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində gələcəyin ixtisasları üzrə kadr hazırlığı həyata keçirilmir. Yəni gələcəkdə vacib olacaq sahələr üzrə mütəxəssislər hazırlanmaq əvəzinə, hələ də ənənəvi ixtisaslara üstünlük verilir. Məsələn, süni intellekt üzrə yalnız magistr pilləsində kadr hazırlığı mövcuddur. Data analitika isə yalnız bu ildən etibarən tədris olunmağa başlayıb, lakin bu sahədə fəaliyyət daha geniş müstəvidə həyata keçirilməlidir. Həmçinin, səma cisimləri ilə bağlı – məsələn, digər planetlərdə geoloji qazıntılar aparılması sahəsində – Azərbaycanda ixtisaslar mövcud deyil. Eyni zamanda kibercinayətkarlığa qarşı mübarizə üzrə də xüsusi kadr hazırlığı aparılmır.
Qida təhlükəsizliyinin yeni formalarına gələcəkdə çox böyük ehtiyac olacaq. Lakin bu gün Azərbaycan ali təhsil müəssisələri yalnız bu günün tələblərinə cavab verən kadrlar hazırlayır. Təəssüf ki, 2030-cu ilə hesablanmış ixtisaslar üzrə hazırlıq aparılmır. Məsələn, 2025-ci ildə müəllimlik ixtisasına qəbul olunan bir şəxs 2030-cu ildə məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkəcək, çünki süni intellekt bu sahəni də məhdudlaşdıracaq”.
Ekpsert qeyd edib ki, gələcəyin ixtisasları birbaşa İT sahəsinə bağlı olacaq:
“Eyni zamanda bizim gen mühəndisinə ciddi ehtiyacımız olacaq. Gələcəkdə uzunömürlülüyün sirri tapıldıqda gen mühəndisliyi sahəsinə tələbat daha da artacaq. Bundan başqa, 2030-cu ilin ixtisasları sırasında ekologiya ilə bağlı sahələr də olacaq. Yəni birmənalı şəkildə iqlim dəyişikliyi ilə mübarizə aparan ixtisaslı mütəxəssislər daha perspektivli hesab olunacaq”.