Əbu-Dabidə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı Moderator.az-a açıqlama verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu öncə bildirib ki, görüş barədə onun spesifik bir mənbədən məlumatları yoxdur, amma tərəflərin özlərinin yaydığı məlumatlar da əslində reallığı əks etdirir. Analitik görüşün nəticələri barədə fikirlərini bölüşüb.
O, bu görüşdən ciddi bir irəliləyiş gözləmədiyini, çünki bu cür müqavilələrin imzalanmasının çox uzun və mürəkkəb bir proses olduğunu qeyd edib. Danışıqların çox mərhələli və uzun müddət davam edəcək bir proses olduğunu vurğulayan ekspert belə deyib:
“Əgər bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında Sülh müqaviləsi imzalanarsa, bunun böyük bir sürpriz olacaq...”
Görüşün neytral bir platformada keçirildiyinə və Rusiyanın, həmçinin Qərbin vasitəçiliyi olmadan aparıldığına diqqət çəkən Ərəstun Oruclu bunun müsbət bir hadisə olduğunu qeyd edib.
“Bununla yanaşı, tərəflərin iradəsinin olacağı halda Sülh sazişinin imzalanmasının yaxınlaşması mümkündür. Belə bir iradə varmı - onu zaman göstərəcək. Bu, irəli sürülən şərtlərdən, danışıqlara olan münasibətlərdən, danışıqlar prosesində qarşılıqlı münasibətlərin vəziyyətindən dinamikasından asılı olacaq. Yəni hansısa gərginliklərmi olacaq, hansısa tələblər, ultimatumlar səslənəcək, yoxsa həqiqətənmi pozitiv, müsbət qarşılıqlı mesajlar veriləcək. Münasibətlərin müsbət olacağı ikinci halda Sülh sazişinin imzalanması mümkündür”, - deyə analitik diqqətə çatdırıb.
“Görünən budur ki, Rusiya prosesdən kənarda qalıb. Bəzi reaksiyalar olsa da, bu proseslə bağlı ABŞ ilə Rusiya arasında hansısa bir gizli anlaşma olduğuna inanmıram. Bu, inandırıcı görünmür. Ermənistan tərəfinin bəzi ekspertləri isə Rusiyanın prosesi poza biləcəyinə dair şərhlər verirlər. Lakin bu, Rusiyanın bu prosesdən kənarda qalmasının nəticəsidir”, –deyən siyasi təhlilçinin fikrincə, Rusiya üçün Cənubi Qafqazın strateji əhəmiyyəti o qədər böyükdür ki, onun bu bölgədə asanlıqla güzəştə getməsi inandırıcı görünmür.
“Bununla yanaşı, hesab edirəm ki, Rusiya, Cənubi Qafqazda baş verənlərə təsir edə bilər. Amma bu, nə dərəcədə realdır, onu zaman göstərəcək. Rusiya üçün Cənubi Qafqazın geo-siyasi əhəmiyyəti o qədər böyükdür ki, bu bölgədə asanlıqla güzəştə getməsi inandırıcı görünmür. Çünki Cənubi Qafqaz, Rusiyanın həm Şimali Qafqazı qorumaq, həm də Yaxın Şərqə çıxmaq üçün əsas yoludur”, - deyə Ərəstun Oruclu bugünkü siyasi proseslərlə yanaşı, tarixə nəzər salmağı da tövsiyə edib:
“Tarixə nəzər salsaq, Rusiya Cənubi Qafqaza gələndən sonra daim bu regionu öz geo-siyasi maraqları üçün istifadə etmişdir. Rusiyadan ötrü Cənubi Qafqazın strateji əhəmiyyəti böyükdür, çünki bu, öncə dediyim kimi, həm Yaxın Şərqə çıxışı təmin edir, həm də Şimali Qafqazın təhlükəsizliyini qoruyur. Bu, Rusiya üçün strateji əhəmiyyət kəsb edən bir bölgədir və həmin bölgədə baş verənlər Rusiya üçün çox vacibdir”.
Ekspert nəticə olaraq, danışıqların davam etməsinin və hər iki tərəfin iradəsi olduğu təqdirdə mübabilənin imzalanmasının mümkün olduğunu, lakin hələlik bu prosesin tam başa çatmadığını vurğulayıb.