Lənkəranda arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Təqsirləndirilən şəxs uşaqlarını döyürmüş. Buna görə də arvadı onu evə buraxmırmış. Qadın daha əvvəl də ölümlə hədələnib.
Musavat.com xəbər verir ki, 49 yaşlı Ehtibar Nəhmətov arvadı Təranəni öldürməyə cəhddə ittiham olunub.
Hadisə zamanı Ehtibar arvadına küçədə 6 bıçaq zərbəsi vurub. O, arvadının öldüyünü düşündüyü üçün hadisə yerindən qaçıb.
Ehtibar Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 29.120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürməyə cəhd) və 29.120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittiham olunaraq hakim önünə çıxarılıb.
Ehtibar ifadəsində deyib ki, arvadı ondan boşanmaq istədiyi üçün bu addımı atıb. Onun sözlərinə görə, arvadı onunla barışmadığı üçün qəzəblənərək onu qorxutmaq qərarına gəlib:
“Ailədə söz-söhbətlər yaranandan sonra evdən çıxdım. Fərdi şəkildə gündəlik maaşa işləyirdim. Bir müddət sonra Təranə ilə görüşüb onunla barışmaq, evə qayıtmaq istədiyimi dedim. Amma Təranə bunu istəmədiyini deyib məni evdən qovdu. Buna görə də əsəbiləşdim”.
Təranənin çörək sexində işlədiyini bilən Ehtibar mətbəx bıçağı götürərək küçədə onun evdən çıxmasını gözləyib. Təranə Ehtibar tərəfə yaxınlaşanda onun yanında qonşunun uşağı da olub.
Ehtibarın gəldiyini görən uşaq qorxaraq hadisə yerindən qaçıb. Təranə də canını qurtarmaq üçün qaçmaq istəyib. Lakin Ehtibar onu tutaraq qarın və bel nahiyəsindən 6 bıçaq zərbəsi vurub. Təranənin hərəkətsiz vəziyyətdə qaldığını görən Ehtibar hadisə yerindən qaçıb. Qonşular Təranəni xəstəxanaya çatdırıb və onun həyatını xilas etmək mümkün olub.
Məhkəmə istintaqı zamanı zərərçəkmiş kimi dindirilən Təranə uşaqlarının və özünün uzun müddətdir Ehtibar tərəfindən şiddətə məruz qaldığını deyib:
“İki övladımız var. Ehtibar həm də doğma dayım oğludur. Evləndiyimiz vaxtdan Ehtibarın şiddəti ilə üz-üzə qalmışam. Amma qohum olduğumuza görə mənə və ailəmə göstərdiyi şiddətə göz yummuşam. 2023-cü ilin iyun ayında mənə və övladlarına qarşı şiddət göstərdiyinə görə artıq dözməyib polisə müraciət etdim. Ehtibar həmin hadisədən sonra evdən getdi. Bir neçə dəfə barışmaq üçün evə gəlsə də, razılaşmadım. Çünki Ehtibarın xasiyyətinin düzələn olmadığını bilirdim. Hadisədən təxminən on gün əvvəl evə gəldi. Onun evə qayıtmasına razılıq verməyimi istədi. Uşaqların ondan qorxduğunu dedim. Evdən çıxıb getdi. Mən axşam evdən çıxıb işə gedəndə bu hadisə baş verdi”.
Hadisə günü yaşananları danışan Təranə bildirib ki, Ehtibara onu öldürməməsi üçün yalvarıb:
“Evdən çıxıb çörək zavoduna gedirdim. Yanımda qonşuluqda yaşayan Xəyyam adlı oğlan uşağı da var idi. O da çörək almağa gedirdi. Çıxanda Ehtibarı gördüm. Yolumu dəyişib kəndin içi ilə getməyə başladım. Uşağa qorxmamasını dedim. Ehtibar mənə yaxınlaşanda “məndən qaçırsan?” deyib cibindən bıçaq çıxardı. Qarnımdan vurdu. Əlimi bıçağa atanda əlimi kəsdi. Daha iki dəfə qarnıma bıçaqla vurdu. Xəyyam qorxusundan qaçdı. Səsimə atamın əmisi oğlu və uşağı gəldi. Məni taksi ilə xəstəxanaya çatdıranda orada huşumu itirdim”.
Təranə Ehtibarı bağışlamadığını deyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtibar Nəhmətov qeyd edilən əməlləri törətməkdə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum edilib.