Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən elan olunmuş iki tender ləğv edilib.
Ləğv edilən tenderlərdən biri, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfüziologiya İnstitutunun inzibati binasında və Talassemiya Mərkəzində cari təmir işlərinin görülməsi ilə bağlı idi. Ehtimal olunan dəyəri 1 283 054 manat olan bu tender müsabiqəsi 1 may 2025-ci il saat 16:05-də dərc edilmiş, təkliflərin qəbulu və zərflərin açılışı isə 2 iyun 2025-ci il saat 17:21-də planlaşdırılmışdı. Lakin tender nəzarət orqanının qərarı ilə ləğv edilib.
Digər ləğv edilən tender isə Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin davamı (II mərhələ) ilə bağlı idi. Ehtimal olunan dəyəri 9 720 456 manat təşkil edən bu satınalma müsabiqəsi isə 2 iyun 2025-ci il saat 10:41-də elan edilmiş, təkliflərin son qəbulu və zərflərin açılışı isə 4 iyul 2025-ci il saat 13:00-da nəzərdə tutulmuşdu. Lakin bu tender də eyni səbəbdən, nəzarət orqanının qərarı ilə ləğv edilib.
Tenderlərin ləğv edilməsi ilə bağlı əlavə detallar açıqlanmayıb.