Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Trampın dəvəti ilə avqust ayının 8-də Amerikada işgüzar səfərdə olub. Bu səfər Azərbaycan və Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Belə ki, səfər çərçivəsində iki dövlət arasında münasibətlərdə yeni səhifə açılıb.
Prezident İlham Əliyev Ağ Evdə Azərbaycan media nümayəndələrinə müsahibə verərkən -Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq.- demişdir. Qeyd etmişdir ki, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Bu istiqamətdə bir neçə ay ərzində sənədlər və bütün mətnlər hazırlanacaq. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həm böyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.
Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir. Ümid edirik ki, bu və digər sahələrdə çox fəal şəkildə əməkdaşlığa imza atacağıq. Böyük imkanlar, fürsətlər açılır. Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatını şaxələndirəcəyik və bu gün də olduğu kimi, işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq.
Prezident İlham Əliyev bu günün Azərbaycan xalqının yaddaşına həkk olunacağını söylədi. Dövlət Başçımız Prezident Trampın strateji baxışı və münasibəti sayəsində nəinki bizim regionda, həmçinin son aylarda Asiyada, Afrikada və hazırda Cənubi Qafqazda müharibələrə son qoyulub. Otuz ildən çox idi ki, biz bu müharibəyə son qoya bilmirdik. Biz həyatları qurban verdik və çox pis müharibə içində idik və Prezident Tramp, onun komandası və bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə bu bitməyən danışıqlar prosesində qalardı – deyə qeyd etdi.
Azərbaycan və Ermənistan uzun illər Rusiyanın müstəmləkəsində olub. Eyni ərəfədə, hər iki respublika Sovet İttifaqınnın süqutundan sonra müstəqillik əldə edib. Həmin vaxtlar artıq iki respublika arasına nifaq salınmışdı. Demək olar ki, hər gün qan tökülürdü, şəhərlər, kəndlər dağılırdı. Hər iki respublikaya, vətəndaşlara maddi və mənəvi ziyan dəyirdi. Bu gün nəhayət Cənubi Qafqazda sülh bərqərar olundu.
Cənab Prezident mətbuata müsahibəsində sülhün nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkan olduğunu və beləliklə, məhz “Tramp rifah və sülh marşrutu” rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacağını və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacağını vurğuladı.
Qeyd edək ki, 1992-ci ildən ATƏT-in Mİnsk qrupu fəaliyyət göstərməyə başlayıb. Lakin 30 illik fəaliyyətində bir neçə bəyanan verməklə kifayətlənib və şübhəsiz ki, bu müharibənin bitməsini istəməyib və sülhə nail olmağa çalışmayıb. Odur ki, həm Azərbaycan həm də Ermənistan heç bir işə yaramayan Minsk prosesinə son qoyub. Belə ki, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.
Birgə müraciətin ünvanlanması isə 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində vacib addımdır.
Azərbaycan Prezidentinin ABŞ-a səfəri, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommünikasiyalarının açılmasına dair bir bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğunu vurğulayıb.
Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsi ilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsis keçidin təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Mən təklif etmək istəyirəm. Bəlkə biz Baş nazir Paşinyanla razılaşaraq birgə bir təşəbbüs də irəli sürək, Nobel sülh mükafatının sülh komitəsinə göndərək ki, cənab Tramp bu mükafata layiqdir. Müharibə içində olan iki ölkənin rəhbərləri kimi bu tarixi imzalanma mərasimində iştirak etmək həqiqətən də real bir nailiyyətdir və heç kəs bu nailiyyətə imza ata bilmirdi. Amma Prezident Tramp cəmi altı ay ərzində möcüzəyə imza atdı”.
Görüş zamanı bir çox önəmli məsələlər müzakirə edilib. Eyni zamanda, böyük əhəmiyyəti olan Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupu da yaradılıb. Orada gələcək əməkdaşlıq istiqamətləri də açıq-aydın təsbit edilib. Bunlar qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlığı və digər məsələləri ehtiva edir. Bu onu göstərir ki, ölkəmiz qarşısında nə qədər böyük imkanlar açılır.
Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl siyasi-diplomatik davranışları ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd olan bir liderin nailiyyətlər salnaməsinin yeni səhifələrini yazdı. Şübhəsiz ki, İlham Əliyev kimi böyük siyasətçinin ABŞ-a yüksək səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də tarixi əhəmiyyət daşımalı idi. Belə də oldu və bütün dünya buna şahid oldu.
Səfər, həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan – ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Təbii ki, 907-ci düzəlişin ləğv olunması, hesab edirəm ki, tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da hesab edirəm ki, tarixi hadisədir. Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək.
Mən cənab Trampla əvvəlki prezidentlik müddətində tanış olmuşam. Bu altı ay ərzində də, əlbəttə ki, mənim barəmdə öz komandası ilə tanış idi və bizim münasibətimiz həmişə müsbət olub. Keçən il biz onu dəstəklədik, bu, doğrudur. Bu gün mətbuat konfransında dediyim kimi, bu altı ay ərzində o, Asiyada, Afrikada, Cənubi Qafqazda mümkünsüz görünən işləri gördü və sübut etdi ki, bu şəxs məhz real nəticələrə nail olur.
Ümid edirəm ki, növbəti illərdə bu münasibətlər ölkələrimiz arasında olan dövlət münasibətlərinə də müsbət təsir edəcəkdir. Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi.
Azərbaycan Prezidenti eyni zamanda müsahibəsində bildirib ki, bu gün baş verənlər Ermənistanın Baş naziri və mənim imzaladığım, Prezident Trampın isə şahidlik etdiyi Birgə Bəyannamədə əks olunub. Orada məhz bizim mövqeyimizi göstərən müddəa var – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxış. Bu, Ermənistanın suverenliyi çərçivəsində yazılıb. Bizim istədiyimiz, sadəcə, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz keçid idi. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlik idi. Beş il ərzində heç bir irəliləyiş olmadı, yer üzərində fiziki iş görülmədi. Bu illər ərzində isə biz dəmir yolunu demək olar ki, Ermənistan sərhədinə qədər gətirdik.
Bizə bu dəmir yolunu Ermənistan sərhədinə qədər tam çatdırmaq üçün bəlkə də bir ildən az vaxt lazımdır, hətta çox çalışsaq, bəlkə altı ay kifayət edər. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq. Azərbaycanın iki hissəsini birləşdirmək üçün təxminən 40 kilometrdən bir qədər artıq dəmir yoluna ehtiyacımız var. Təkcə dəmir yolu deyil, elektrikötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarını nəql edə biləcək digər enerji infrastrukturunu da nəzərdə tuturuq.
Dövlət başçımız mətbuata verdiyi müsahibədə sülh və əlaqə istədiyini vurğulayıb: “Ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçid yaratmaq istəyirik ki, bu da daha geniş region, hətta Ermənistan üçün çoxlu imkanlar açacaq. Ermənistanın Baş naziri ilə görüşlərdən birində ona dedim ki, Ermənistan tranzit ölkəyə çevrilə bilər. Bildirdim ki, siz tranzit ölkə olmağın nə demək olduğunu bilmirsiniz, çünki heç vaxt olmamısınız. Yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz. Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Siz isə tranzit ölkə olmağın faydalarını görəcəksiniz.
Biz özümüz də daha güclü tranzit ölkə olmağa çalışırıq. Ərazimizdən keçən nəqliyyat dəhlizlərinin yükdaşımada daha çox iştirak etməsini istəyirik. Bu isə həm pul, həm iş yerləri, həm də siyasi təsir deməkdir. Ermənistan isə illərlə özünü bu imkanlardan məhrum edib.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” başqa bir tarixi nailiyyət olacaq.
Lakin bu, gələcək gündəliyimizin yalnız bir hissəsidir. ABŞ-la süni intellekt, rəqəmsal transformasiya sahələrində də sıx əməkdaşlıq etmək üçün böyük ümidlər var. Burada səfərim çərçivəsində komandamızın üzvləri ilə Amerika şirkətləri arasında ilkin təmaslar baş tutdu və gələcəkdə daha çox əməkdaşlıq olacaq.
Bu gün həqiqətən də bütün aspektlərdən - təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik”.
Şəhla Ağbulud
AYB Abşeron bölməsinin sədri, Prezident təqaüdçüsü
"DİA-AZ"