Sumqayıt Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nihad Mayılovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Nihad Mayılov qida və qeyri-qida məhsullarının idxalı və satışı ilə məşğul olan MMC-lərin birində satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyib. O, Siyəzən rayonunun ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 02 mart 2022ci il tarixdən 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində, öz sifarişi ilə şirkətin Quba rayonunda yerləşən anbarından qida və qeyri-qida məhsullarını təhvil alıb. Sonra Nihad həmin məhsulları Siyəzən rayonunun ərazisindəki MMC ilə ticarət münasibətlərində olan obyektlərə sataraq əldə olunmuş 31 235,93 manat məbləğində pulu mənimsəyib.
Siyəzən Rayon Məhkəməsinin Məhkəmənin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalından həbs olunub.