Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025–2026-cı illər üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə neft hasilatı və qlobal neft tələbatına dair proqnozunu açıqlayıb.
OPEC-in aylıq hesabatına görə, bu il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə orta gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 54,01 mln. barel proqnozlaşdırılır ki, bu da 2024-cü ilin göstəricisindən 0,81 mln. barel çoxdur. 2026-cı il üçün isə orta gündəlik hasilat 54,64 mln. barel səviyyəsində gözlənilir, bu da 2025-ci illə müqayisədə 0,63 mln. barel artım deməkdir.
Hesabatda qeyd olunur ki, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə hasilat 53,2 mln. barel/gün, 2023-cü ildə isə 51,84 mln. barel/gün olub. Qlobal neft tələbatı üzrə proqnozlara görə, 2025-ci ildə orta gündəlik tələb 105,14 mln. barel, 2026-cı ildə isə 106,52 mln. barel səviyyəsində gözlənilir. Bu, 2024-cü il və 2025-ci illə müqayisədə müvafiq olaraq 1,29 mln. və 1,38 mln. barel artımı ifadə edir.
Ötən il qlobal neft tələbatı 103,84 mln. barel/gün, 2023-cü ildə isə 102,21 mln. barel/gün olub. Azərbaycanda isə gündəlik neft hasilatı bu ilin iyul ayında orta hesabla 462 min barel səviyyəsində qeydə alınıb. Bu, iyun ayının göstəricisi ilə müqayisədə min barel, ilin birinci rübü ilə müqayisədə isə 5 min barel azdır.
Ötən il ölkədə gündəlik neft hasilatı 482 min barel olub ki, bu da 2023-cü ilin göstəricisindən 22 min barel azdır. Qeyd olunur ki, “OPEC+” çərçivəsində Azərbaycanın hasilat kvotası 2026-cı ilin sonunadək gündəlik 551 min barel səviyyəsində müəyyən edilib. Beləliklə, iyul ayında kvotadan 89 min barel geridə qalınıb.
Ekspertlər hesab edirlər ki, OPEC+ və digər istehsalçıların hasilat siyasəti, eləcə də qlobal tələbatın artımı neft bazarında sabitliyin qorunması üçün həlledici amil olacaq. OPEK-in neftlə bağlı kvotanı artırması Azərbaycana nə vəd edir?
Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cebheinfo.az”-a bildirib ki, qlobal neft bazarının hazırkı dinamikası yüksək qeyri-xəttilik ilə xarakterizə olunur. Burada siyasi qərarlar qiymətlərə dərhal təsir edir və bu, sonradan fundamental bazar parametrləri ilə tənzimlənir:
“Çünki Rusiya, İran və Venesuela kimi potensial neft ixrac edən ölkələrin beynəlxalq ixrac qabiliyyətinə qoyulan məhdudiyyətlərin sərtləşdirilməsi, qlobal neft ticarəti axınını daim təhdid altına alaraq neft bazarında yüngül-ağır neft balansını pozulmasına və neft emalı güclərinin tələb olunan xammalla yüklənməsində problemlərin yaranmasına səbəb olurdu.
Belə olan təqdirdə bazarın tənzimlənməsi qaçılmaz idi. Bazar günü səkkiz “OPEC+” ölkəsi - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barel (bpd) kəsintini oktyabr ayından başlayaraq sutkalıq 137.000 barel olmaq şərtilə 12 ay ərzində bazara qaytarmağı, sabit qlobal iqtisadi mənzərə və aşağı neft ehtiyatlarında əks olunan cari əlverişli bazar əsasları ilə əlaqələndirdi.
Bazar iştirakçıları OPEC+8 bu hasilat siyasətini cari ilin sonunda və gələn ilin əvvəlində neft bazarında təlabatdan artıq neft həcmlərinin formalaşmasına səbəb olacağını və neft qiymətlərinin təhdid altına düşəcəyini bəyan edirlər”. O bildirib ki, neft bazarlarının yaxın perspektivi ilə bağlı əks arqumetlər də var:
“Bu arqument Rusiya və İran neftinin ixracına qoyulan qadağaların sərtləşdirilməsi fonunda, qlobal neft ticarəti axınının pozulması və qiymətlərin yüksəlməsindən ibarətdir. Bütün hallarda sabit neft qiymətləri ilə bağlı bazara intervensiyalar qarşıdakı illərdə qaçılmaz olacaq. Təbii ki, yüksək neft qiymətləri və balanslı bazar “OPEC+” alyansının üzvü kimi Azərbaycanın maraqları daxiləndədir. Aşağı neft qiymətləri az neft gəlirləri və büdcə problemi ilə üzləşmək deməkdir”.