ABŞ və Qərbin dəstəklədiyi regional layihələr, transregional logistika xətləri və iqtisadi-ticari marşrutlar indi strateji xarakter daşıyır... Ona görə də, bütün bunlar Ermənistanı Rusiyanin "qaranlıq orbit"indən çıxaraq, alternativ istiqamətlərə yönəlməyə stimullaşdırır...
Cənubi Qafqazda geopolitik rəqabət yeni və daha mürəkkəb mərhələyə keçməyə başlayıb. Xüsusilə də Ermənistan ətrafında cərəyan edən proseslər onu göstərir ki, bu ölkə artıq yalnız regional deyil, həm də qlobal güclər arasında geostrateji qarşıdurmanın əsas platformalarından birinə çevrilib. ABŞ və Avropa Birliyinin son addımları, eyni zamanda, Rusiyanın sərt əks reaksiyaları Ermənistanda ölkədaxili kataklizmlərin o qədər də uzaqda olmadığını biruzə verir. Və yaxınlaşan növbəti parlament seçkilərini normal siyasi proses çərçivəsindən çıxararaq, genişmiqyaslı geopolitik mübarizənin tərkib hissəsinə çevirir.
Onu da qeyd etmək lazımdır ki, ABŞ senatorlarının "Meta Platforms" və "Alphabet Inc." şirkətlərinə ünvanladıqları rəsmi müraciət, əslində, Ağ Evin də Ermənistandakı seçkilərə yanaşmasının ümumi mahiyyətini açıq şəkildə ortaya qoyur. Çünki həmin müraciətdə Moldova nümunəsində olduğu kimi, Rusiyanın dezinformasiya vasitəsilə demokratik proseslərə müdaxilə cəhdlərinin qarşısının alınması tələb olunur.
Belə anlaşılır ki, ABŞ artıq klassikləşmiş ənənəvi siyasi və diplomatik alətlərlə kifayətlənmir, informasiya məkanını da geopolitik təsir faktoru kimi prioritetləşdirir. Çünki sosial şəbəkələr üzərindən aparılan nəzarət mexanizmləri – saxta hesabların bloklanması, koordinasiyalı informasiya kampaniyalarının məhdudlaşdırılması və manipulyativ kontentlərin filtrdən keçirilməsi seçki mühitinə dolayı təsir imkanları yaradır.
Ancaq əksər siyasi texnoloqlar hesab edirlər ki, Ermənistana münasibətdə bu strategiyanın effektivliyi olduqca məhduddur. Çünki Ermənistanın informasiya məkanına kənar müdaxilələr yalnız Qərb platformaları ilə məhdudlaşmır. Belə ki, Rusiyanın Ermənistana təsiri ənənəvi media, rusdilli informasiya resursları, "Telegram" kanalları, yerli siyasi və agentura şəbəkələri vasitəsilə davam edir. Və bu isə onu göstərir ki, Ermənistandakı siyasi proseslərə ABŞ-nin müdaxiləsi də “tam informasiya nəzarəti” deyil, daha çox balanslaşdırıcı xarakter daşıya bilər.
Maraqlıdır ki, Ermənistandakı seçkilərə nəzarət etmək cəhdlərində ABŞ qətiyyən təkbaşına qalmayacaq. Belə ki, Avropa Birliyi tərəfindən Ermənistanda yaradılan yeni tərəfdaşlıq missiyası da bu geopolitik mübarizənin önəmli tərkib hissələrindən biri hesab olunur. Rəsmi açıqlamalara görə, bu missiyanın əsas məqsədi Ermənistanın demokratik dayanıqlığını artırmaq, böhranların idarə olunmasına dəstək vermək, kibertəhlükələrə və media manipulyasiyalarına qarşı mübarizə aparmaqdır.
Ancaq Kremldə Avropa Birliyinin bu addımı tamamilə fərqli kontekstdə qiymətləndirilir. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin yeni missiyasının əsl məqsədinin məhz Ermənistanın daxili işlərinə müdaxilə və seçkilərin nəticələrinə təsir göstərmək olduğunu iddia edir. Və Kremlin bu yanaşma tərzi Rusiyanın Cənubi Qafqazda mövqelərini itirmək təhlükəsini artıq ciddi şəkildə hiss etdiyini göstərir.
Halbuki, mövcud reallıq isə hətta daha mürəkkəb xarakter daşıyır. Belə ki, Avropa Birliyinin göstərəcəyi fəaliyyət formal olaraq, siyasi və texniki dəstək xarakteri daşısa da, əslində, bu cür mexanizmlər seçki mühitinə dolayısı təsir imkanları da yaradır. Və xüsusilə də, maliyyə axınlarının monitorinqi, kibertəhlükəsizlik sahəsində nəzarət, seçki prosesinin şəffaflığına təsir etməklə yanaşı, siyasi balansın dəyişməsinə də zəmin yarada bilər.
Bütün bunlarla yanaşı, Ermənistan daxilindəki siyasi proseslər də seçkilərin yekun nəticəsinə həlledici səviyyədə təsir göstərə biləcək faktorlardan biridir. Baş nazir Nikol Paşinyanın müxalifətə qarşı sərt ritorikası və seçkiöncəsi gərginliyin artması Ermənistan cəmiyyətində qütbləşməni daha da dərinləşdirir. Və onun parlament çıxışlarında siyasi rəqiblərinə qarşı istifadə etdiyi təhqiramiz ifadələr qarşıdurma mühitinin daha da kəskinləşməsinə səbəb olur.
Digər tərəfdən, Ermənistanda keçmiş hakimiyyət elitasına qarşı aparılan hüquqi və maliyyə əməliyyatları da diqqət çəkir. Belə ki, keçmiş prezident Serj Sarkisyan və onun yaxın ətrafına qarşı müsadirə qərarları hakimiyyətin antikorrupsiya siyasətinin bir hissəsi kimi təqdim edilir. Halbuki, bu istiqamətdə atılan addımların seçki prosesində rəqiblərə qarşı siyasi alətə çevrildiyi barədə də bəzi iddialar mövcuddur. Və bu baxımdan, Ermənistanda seçkilərin yekun nəticələrinə xarici təsirlərlə yanaşı, ölkədaxili faktorlar da təsir göstərəcək.
Ancaq bu seçkilərin əhəmiyyəti yalnız ölkədaxili siyasi hakimiyyət uğrunda mübarizə ilə məhdudlaşmır. Çünki bu proses eyni zamanda, Ermənistanın yaxın gələcəkdə yönələcəyi geopolitik istiqaməti də müəyyən edəcək. Və bu baxımdan, Ermənistan cəmiyyətinin bu ölkə üçün taleyüklü seçim etmək məcburiyyətində qalacağı artıq qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, ABŞ və Qərbin dəstəklədiyi regional layihələr, o cümlədən də transregional nəqliyyat-kommunikasiya xətləri və iqtisadi-ticari marşrutlar indi strateji xarakter daşıyır. Ona görə də, bütün bunlar Ermənistanı Rusiyanin "qaranlıq orbit"indən çıxaraq, alternativ istiqamətlərə yönəlməyə stimullaşdırır. Bu isə parlament seçkilərini faktiki olaraq, “geopolitik referendum” səviyyəsinə yüksəldir. Bu baxımdan, seçkilərin yekun nəticələri yalnız siyasi kursu deyil, həm də Ermənistanın hansı qlobal güc mərkəzinə bağlı qalacağını da müəyyən edəcək.
Göründüyü kimi, Ermənistandakı növbəti parlament seçkiləri həm də Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasının yeni mərhələsini əks etdirir. Ona görə də, Ermənistan hazırda məhz üç paralel prosesin - informasiya müharibəsi, ölkədaxili siyasi mübarizə və geopolitik seçim məcburiyyətinin kəsişmə nöqtəsində yerləşir. Və bu proseslərin hansı istiqamətdə inkişaf edəcəyi isə Ermənistanın gələcək taleyini böyük ölçüdə həll edə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"









