Ermənistan İqtisadiyyat Nazirliyi ölkəyə mayeləşdirilmiş təbii qaz təchizatında fasilələr olduğunu bildirərək, vətəndaşları panikaya düşməməyə çağırıb.
Teleqraf xəbər verir ki, qurum problemlərin tezliklə həll ediləcəyini bəyan edib.
“Lars keçid məntəqəsində tıxac və müvəqqəti logistik çətinliklər səbəbindən maye qaz daşıyan bəzi yük maşınlarının Ermənistana girişi gecikir, bu da bazarda normal təchizat ritminə təsir edib. Tam çatışmazlıq olmasa da, bəzi yanacaqdoldurma məntəqələrində müvəqqəti təchizatda fasilələr yarana bilər. Vətəndaşları panikaya düşməməyə və alış-verişləri həmişəki kimi etməyə və yalnız rəsmi məlumatlara qulaq asmağa çağırırıq. Vəziyyətin həlli üçün səylər davam edir”, - açıqlamada bildirilib.
Qeyd olunub ki, dövlət qurumları vəziyyəti tezliklə həll etmək və normal tədarükü bərpa etmək üçün idxalçı şirkətlər və tərəfdaş qurumlarla daim təmasdadır.
Nazirlik vurğulayıb ki, səlahiyyətli orqanlar əsassız qiymət artımlarının və mümkün spekulyativ fəaliyyətlərin qarşısını almaq üçün vəziyyəti izləyir.











