Ermənistanda yaxınlaşan parlament seçkiləri təkcə daxili siyasi yarış kimi deyil, həm də regionun gələcək təhlükəsizlik sistemini müəyyən edə biləcək proses kimi qiymətləndirilir. Seçki öncəsi revanşist ritorikanın yenidən gündəmə gəlməsi, Paşinyan hakimiyyətinə qarşı ittihamların artması və Qərb-Rusiya xətti üzrə siyasi qütbləşmə fonunda vəziyyət daha da gərginləşir. Məhz Qarabağ mövzusu ətrafında səslənən iddialar kampaniyanın əsas alətlərindən birinə çevrilib.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımova müraciət etdi. O, bəzi narahatedici məqamlara aydınlıq gətirdi.
Ermənistanda iki əsas siyasi cinah formalaşıb
Politoloq Oqtay Qasımov bildirdi ki, hazırda Ermənistanda siyasi qüvvələr iki əsas cinaha bölünüb: Qərbyönümlü siyasətçilər və Rusiyanın dəstəklədiyi revanşist müxalif qüvvələr. Onun sözlərinə görə, məhz bu qüvvələr seçkiqabağı mərhələdə Paşinyan hakimiyyətini müxtəlif istiqamətlərdə ittiham edirlər.
Siyasi şərhçi qeyd etdi ki, o cümlədən Qarabağ məsələsi ilə bağlı da Paşinyana qarşı ittihamlar səsləndirilir: “Əslində, seçki prosesinin gərgin keçəcəyi əvvəlcədən proqnozlaşdırılırdı və burada gözlənilməz heç nə yoxdur. Bu qüvvələr əsasən Paşinyanı Qarabağ məsələsinə görə hədəf almağı planlaşdırırlar”.
Revanşistlərin şansı niyə aşağıdır?
O.Qasımov hesab edir ki, hazırkı şəraitdə revanşist qüvvələrin hakimiyyətə gəlmə imkanları kifayət qədər aşağıdır: “Həm keçirilən rəy sorğuları, həm seçki kampaniyalarının gedişi, həm də Paşinyana Qərbdən verilən dəstək onların imkanlarını xeyli məhdudlaşdırır”.
O əlavə etdi ki, buna baxmayaraq, ehtimallar nəzərə alınmalıdır: “Gözlənilməz nəticə kimi bu qüvvələr seçkilərdə qələbə qazanarlarsa belə, onların mütləq səs çoxluğu ilə qalib gələcəyi gözlənilmir. Bu isə onların manevr imkanlarını daraldacaq”.
Müharibə ehtimalı real deyil
Politoloq vurğuladı ki, istənilən siyasi qüvvə hakimiyyətə gələcəksə, əvvəlki hökumətin imzaladığı sənədlərə hörmət etməlidir. O.Qasımovun fikrincə, əks halda bu, kifayət qədər ciddi problemlər yarada bilər.
Müsahibimiz qeyd etdi ki, revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə müharibə ehtimalı real görünmür: “Hətta revanşistlərin aparıcı fiqurlarından olan Köçəryan belə, hələ beş il əvvəl bunun mümkün olmadığını etiraf etmişdi. Çünki bölgədə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan məsələni tam və qəti şəkildə həll edib, həm hərbi, həm də siyasi baxımdan qələbə qazanıb və bu prosesin geri dönüşü yoxdur”.
Qarabağ ideyası artıq siyasi alətə çevrilib
Siyasi şərhçi bildirdi ki, Qarabağ və “miatsum” ideyası artıq aktuallığını itirib, daha kobud desək, "dəfn olunub": “Bu şüar hazırda həmin qüvvələr üçün daha çox seçki təbliğatı vasitəsi kimi istifadə olunur”.
O əlavə etdi ki, belə qüvvələr hakimiyyətə gəlsələr belə, imzalanmış sənədlərə riayət etməyə məcburdurlar: "Əks halda ata biləcəkləri addımlar prosesi ləngitmək, gərginliyi müəyyən dərəcədə qorumaq və prosesləri əngəlləmək kimi qəbul olunacaq".
Ən böyük zərər yenə Ermənistana dəyəcək
Politoloq vurğuladı ki, bu ssenaridə ən böyük zərər yenə Ermənistana dəyəcək: “Hazırda Azərbaycan Ermənistana vaxtilə tətbiq olunmuş tranzit məhdudiyyətlərini aradan qaldırır və müxtəlif ölkələrdən yüklər dəmir yolu vasitəsilə rahat şəkildə daşınır. Əgər bu qüvvələr prosesi əngəlləməyə çalışsalar, Azərbaycan tranziti bağlamaqla Ermənistanı yenidən çətin vəziyyətə sala, "dalan statusu"nu davam etdirə bilər”.
Məğlubiyyət gətirəcək üç əsas reallıq
O.Qasımov sonda qeyd etdi ki, üç əsas məqam diqqətdə saxlanılmalıdır: “Birincisi, bu qüvvələrin hakimiyyətə gəlmək ehtimalı yüksək deyil. İkincisi, hakimiyyətə gəlsələr belə, mövcud reallıqları qəbul etməli olacaqlar. Üçüncüsü isə əgər onlar hansısa iddialarla çıxış edərlərsə, bunun onlar üçün ağır nəticələri ola bilər”.
O vurğuladı ki, Azərbaycan özünə qarşı hər hansı təhdidi hiss etdiyi halda, həmin təhlükəni aradan qaldırmaq gücündədir və bu, ən yüksək səviyyədə bəyan olunmuş mövqedir.











