Marneuli bələdiyyəsinin Şulaveri kəndində keçirilən aksiyada saxlanılan azərbaycanlılar Roman Əliyev və Nurlan Ceyranov bir müddət sonra sərbəst buraxılıblar.
Modern.az xəbər verir ki, "Aktual.ge"nin məlumatına görə, onlar yolu bağlamaqda ittiham olunaraq polis tərəfindən aksiya zamanı saxlanılmışdılar.
Qeyd edək ki, bu gün - 29 aprel səhər saatlarında Marneuli bələdiyyəsinin Şulaver kəndinin mərkəzində Şulaver, Qırxılı, Araflı, Qullar, Ağammədli, Seyidiqocalı, Yuxarı Qullar və digər bir neçə kəndin sakinləri etiraz aksiyası keçiriblər. Sakinlər bildiriblər ki, yetişdirdikləri kənd təsərrüfatı məhsullarını münasib qiymətə sata bilmirlər, çünki qonşu ölkələrdən yük maşınları ilə gətirilən xiyar və pomidor daha ucuz qiymətə satışa çıxarılır.
Etirazçılar qeyd ediblər ki, məsələ ilə bağlı Marneuli meri Daur İsmayılov və parlament üzvü Zaur Darğallı ilə dəfələrlə görüşməyə cəhd etsələr də, buna nail ola bilməyiblər.
Onlar həmçinin bildiriblər ki, seçki ərəfəsində Daur İsmayılov kənd təsərrüfatına dəstək verəcəyini vəd etmişdi, lakin hazırda sakinlərlə görüşmür. Aksiya zamanı polislə qarşıdurma yaşanıb..









