Rusiya müstəntiqləri “qanuni oğru” Merab Canqveladzeni beynəlxalq axtarışa veriblər. O, kriminal dairələrdə “Merab Suxumski” ləqəbi ilə tanınır.
Lent.az xəbər verir ki, ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək mövqe tutma) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi ötən ilin iyun ayında başlanıb. Qurum onun barəsində qiyabi həbs qərarının çıxarılmasına çalışır.
Bununla bağlı vəsatət artıq Tver Məhkəməsnə təqdim olunub və iclas 30 aprel tarixinə təyin edilib.
Moskva polisi 64 yaşlı Canqveladzenin iki ay müddətinə qiyabi həbs olunmasını məhkəmədən xahiş edib. O, 1985-ci ildən etibarən Rusiyanın kriminal aləmində “qanuni oğru” statusuna malikdir. İlk məhkumluğunu 19 yaşında quldurluq maddəsi ilə alıb. Hazırda isə Gürcüstanda gizləndiyi bildirilir.
2025-ci ilin mart ayında Tbilisi şəhərində Merabın qardaşı Levan Canqveladze silahlı hücumda qətlə yetirilib. Hadisə Çavçavadze küçəsində baş verib. Cinayətkar onu restoran yaxınlığında gözləyib və hücumdan sonra qaçıb. Levan qardaşının kriminal münaqişələrində iştirak edib və onun işlərini idarə edib. Onun adı “Vyacheslav Ivankov” (Yaponçik) və “Aslan Usoyan” kimi tanınan kriminal avtoritetlərin aradan götürülməsi ilə də əlaqələndirilir.
Qeyd edək ki, Merab və Levan Canqveladze qardaşları mərhum azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin yaxın adamları olublar. Lakin sonradan hər ikisi Lənkəranskiyə dönük çıxıblar və hətta Moskvada bazarlara nəzarəti bölüşdürməkdən ötrü qarşı-qarşıya gəliblər.









