Ötən gün Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə xarici dil fənni ilə bağlı keçirilən tədbirdə buraxılış imtahanlarının martda keçirilməsinə etiraz edənlər haqda danışıb. O qeyd edib ki, 11 il oxuyub anlama formalaşmayıbsa, 2 aya heç nə olmayacaq.
“Niyə çıxışlar var? Çünki martda hazırlıqlar bitir. Buraxılış imtahanı iyunda olsa, 2 ay artıq uşaqlar hazırlığa gələcək”, - deyə DİM sədri bildirib.
Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Muradxan Hüseynov qeyd etdi ki, Məleykə Abbaszadənin abituriyentlərin oxuyub-anlama məsələsi ilə bağlı dediyi fikirlərlə razıdır:
"Məleykə xanımın dediklərində həqiqət var. Çünki şagird 11 il ərzində dərslərdə öz yaş qruplarına uyğun mətnlərlə tanış olur. Bu mətnlərin hər birində oxuyub-anlama bacarığını formalaşdırmaq üçün suallar tərtib olunub. Təbii ki, şagird 11 il ərzində mətnləri oxuyub-anlama bacarığını özündə formalaşdıra bilməyibsə, heç 6 ay ərzində də bunu formalaşdıra bilməz. Doğrudan da şagird 11 il ərzində oxuyub-anlama bacarığını özü formalaşdırmalıdır. Test sualları da elə həmin 11 il ərzində dərsliklərdə verilən suallar üzərində qurulur".
Həmsöhbətimiz DİM sədrinin repetitorlar haqqında səsləndirdiyi fikrə də münasibət bildirdi.
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram. Səbəb odur ki, repetitor müəllimin yanına təkcə 11-ci sinif şagirdləri gəlmir. Hazırlığa gələn 8–9–10-cu sinif şagirdləri, eləcə də aşağı yaş qrupları var. Repetitorların narazılığı ondan ibarətdir ki, şagird imtahan vaxtına qədər proqramı tam bitirə bilmir. Söhbət tək Azərbaycan dilindən getmir, bunun həm riyaziyyatı, həm də ingilis dili var. Bir var şagird 10-cu sinifdə oxuyur – bu zaman o şagirddə o qədər də məsuliyyət olmur. Amma 11-ci sinifdə şagirddə artıq müəyyən təfəkkür və şüur formalaşır, həyata baxışında dəyişikliklər baş verir. Bu zaman da qarşısında 5–6 ay qalır. Bu aylar ərzində isə şagird özünün tam potensialını formalaşdıra bilmir", - deyə M.Hüseynov vurğuladı.









