Bakı Ağır Cinayətlər Məhkəməsində Avropada işlə təmin etmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.
Zərərçəkən T.E. təqsirləndirilən şəxsi tanıdığını bildirib:
"İngiltərəyə işlə bağlı getmək üçün müraciət etmişdim. Pulu Sevinc xanıma nağd ödəmişik. Mənə dedi ki, iki aya cavabınız gələcək. İki ay dediyi altı ay oldu, bir xəbər çıxmadı. Aldanmışıq, şikayətim var və pulumu tələb edirəm".
Şahid E. H. təqsirləndirilənlərin hər ikisini tanıdığını və iş üçün onlara müraciət etdiyini bildirib:
"Mən 2023-cü ilin noyabrında bunların ofislərinə yaxınlaşdım. İçəridə Sevinc xanım və iki cavan qız vardı. 1500 manat ödəniş etdim. Dedilər ki, narahat olma, fevralda səni İngiltərəyə göndərəcəyik. Bu (təqsirləndirilən Kamil Curayevə işarə edir) mənə dedi ki, əgər İngiltərədən zəng gəlsə, demə ki, bizə pul vermisiniz. Ailəmin, uşağımın boğazından kəsib pul ödəmişəm, pulumu tələb edirəm".
Zalda iştirak edən zərərçəkənlərdən biri üzünü məhkəmə tərkibinə tutaraq "Pulumuzu alan Sevinc, amma içəridə olan biridir. Bunların ikisi də içəridə olmalıdır" - deyib.
Şahid Ə.M təqsirləndirilən K. Curayevin adını eşitdiyini, Sevinc Əliyevanı isə tanıdığını deyib:
"Hollandiyaya getmək üçün pulu ona vermişdim. Günlər, aylar keçsə də, bir hərəkət görmədim. Sevinc xanımdan pulumu tələb etdim, lakin o hər dəfə müxtəlif bəhanələrlə məni yola verdi".
Prosesin gedişi zamanı hər iki təqsirləndirilən şəxs mübahisə ediblər. Təqsirləndirilən Sevinc Əliyeva Kamil Curayevə "Sən elə bilirsən ki, hər şeyi üstümə atmaqla canını qurtara biləcəksən? Neçə dəfə məhkum olmusan, cəzanı çəkəcəksən", deyib.
Növbəti proses 26 may saat 16:00-a təyin olunub.
Xatırladaq ki, “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla həmin MMC-lərin direktorları olmuş Əliyeva Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə 171 nəfərin ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Əliyeva barəsində isə maddi ziyandan 46 nəfərə 55 min 700 manat ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.











