Nə qədər ki, sərhədlərin dəqiq xəritəsi təsbit olunmayıb və Qarabağ ermənilərinin hüquqları məsələsi həll edilməyib,
Ermənistan regional kommunikasiyalarla bağlı heç bir sənəd imzalamamalıdır.
KONKRET.az xəbər verir ki, bunu mayın 7-də jurnalistlərlə görüşündə “İşıqlı Ermənistan” Partiyasının sədri, deputatlığa namizədlər siyahısına rəhbərlik edən Edmon Marukyan bildirib.
Müxalif siyasətçi vurğulayıb ki, onun siyasi qüvvəsinin aydın və dəyişməz mövqeyi var:
“Qarabağ yoxdursa, dəhliz də yoxdur”.
Marukyan iddia edib ki, Azərbaycan indiyə qədər Ermənistanın ərazi bütövlüyünü konkret xəritələr əsasında rəsmi şəkildə tanımayıb və belə şəraitdə hər hansı “məcburi sənədlərin” imzalanması yolverilməzdir.
Partiya sədri hakimiyyət dəyişikliyi məsələsinə də toxunub və onların prinsipial mövqeyinin dəyişmədiyini deyib: “Nikol Paşinyan getməlidir”.
Marukyanın qiymətləndirməsinə görə, bu gün Ermənistanda dövlət institutları iflic vəziyyətə düşüb və “bir nəfərin şousu”na çevrilib. Onun sözlərinə görə, hər hansı müstəqillik təzahürü, məsələn, Erməni Soyqırımı Muzey-İnstitutunun rəhbərliyi ilə bağlı hadisədə olduğu kimi, dərhal işdən çıxarılma ilə nəticələnir.
“Hakimiyyət dəyişməlidir və biz hər şeyi edəcəyik ki, iyunun 8-dən sonra parlament bir şəxsin iradəsinin yerinə yetirildiyi yox, peşəkar idarəetmə məkanına çevrilsin”, – deyə Edmon Marukyan bildirib.
O əlavə edib ki, partiyası gələcəkdə digər müxalif qüvvələrlə əməkdaşlığa hazırdır. Lakin bu əməkdaşlıq yalnız “İşıqlı Ermənistan”ın öz siyasi kimliyini və proqram prinsiplərini qoruması şərti ilə mümkündür.
Qeyd edək ki, rəsmi Bakı üçün Qarabağ məsələsi artıq bağlanmış mövzudur. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ onun beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və bu torpaqların bir millimetri belə heç kimə verilməyəcək.
Azərbaycan artıq 1990-cı illərin zəif dövləti deyil. Bu gün ölkənin güclü ordusu, möhkəm iqtisadi bazası və qətiyyətli siyasi rəhbərliyi var. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm 44 günlük müharibədə, həm də sonrakı mərhələlərdə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
Bu baxımdan Ermənistan müxalifətinin “Qarabağsız dəhliz olmaz” kimi ritorikası daha çox daxili auditoriyaya hesablanmış seçki şüarı kimi görünür. Reallıq isə ondan ibarətdir ki, regionda kommunikasiya xətlərinin açılması yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında mümkündür.
Və nəticədə Edmon Marukyanun Qarabağ arzusu gözündə qalacaq.










