“Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edirik”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baro tərəfindən Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialara dair şərhində bildirilir.
Qeyd olunur ki, Fransa naziri tərəfindən Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsi ilə bağlı “Dağlıq Qarabağ” kimi ifadələrin istifadəsi qəbuledilməzdir. Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdiyi haqq-ədalət müharibəsindən sonra bölgədə davamlı sülh üçün şərait yarandığı bir dönəmdə Fransa tərəfinin Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, mədəni və dini irsin qorunmasını şübhə altına alan bu kimi təhrikçi açıqlamaları qətiyyətlə pisləyirik.
Fransa prezidenti Makron Cənubi Qafqazda olarkən onun naziri niyə ara qarışdırır? Ermənistan üçün Qarabağ mövzusu qapanıb, fransızlar üçün niyə açıq qalıb?
Politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib ki, Fransa xarici işlər nazirinin Makron Ermənistanda olan zaman o cür fikirlər səsləndirməsi özfəaliyyət deyil, prezidentlə razılaşdırılmış çıxışdır: “Hətta ola bilsin Makron özü nazirə göstəriş veribmiş ki, o, İrəvanda olanda belə bir bəyanatla çıxış etsin. Fransanın prezidentinin və xarici işlər nazirinin bəyanatları erməni revanşist qüvvələrinin mövqeləri ilə üst-üstə düşür. Ermənistan müxalifətinin hakimiyyət əleyhinə bütün arqumentləri yalnız Qarabağ məğlubiyyəti ilə bağlıdır və onlar cəmiyyətdə revanşist mövqenin güclənməsi ilə faktiki olaraq öz mövqelərini gücləndirmək cəhdləri edirlər. Maraqlıdır ki, Fransanın prezidenti və xarici işlər naziri bir tərəfdən sülh mövqeyində çıxış edən Nikol Paşinyanın yanında olduğunu nümayiş etdirir, o biri tərəfdən müharibə tərəfdarı olan revanşist qüvvələrin mövqeyi ilə üst-üstə düşən bəyanatlar səsləndirirlər. Nazirin “Dağlıq Qarabağ”, “artsax” ifadələrini işlətməsi, Qarabağdan könüllü köçmüş erməniləri “məcburi köçürülmüş erməni qaçqınlar” adlandırması və bu qəbildən olan çağırışları birbaşa erməni revanşist qüvvələrinin davranışları və mövqeyi ilə eynidir, onlara dolayı dəstəkdir”.
Politoloq qeyd edib ki, regionu yenidən müharibə ilə qarışdırmaq istəyən revanşist qüvvələri Fransa hakimiyyətinin bu cür bəyanatları həvəsləndirir: “Bir daha aydın olur ki, Parisin fəallığı sülh və sabitlik naminə deyil, regiondakı mövqelərini möhkəmlətmək və Ermənistanı özündən tam asılı vəziyyətə salmaq üçündür. Fransa hökuməti hesab edir ki, qonşu ölkə ilə müharibə vəziyyətində olan Ermənistana təsir etmək, onu asılı durumda saxlamaq daha asandır. Onlar bəyanatları ilə həm də Azərbaycana təsir göstərmək istəyirlər”.
Politololqun sözlərinə görə, indiyə qədərki təcrübə göstərir ki, Makron və makronkimilərin nə deməsindən və nəyə nail olmaq istəməsindən asılı olmayaraq Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik baş verməyib və bundan sonra da Azərbaycana təsir göstərə bilməyəcəklər: “Cılız oyunlarla Azərbaycanı nəyəsə məcbur etməyin mümkün olmadığını anlamalıdırlar və reallıqla barışmalıdırlar”.









