Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyası ilə yaxın əlaqələri olan və onlara rüşvət verməkdə ittiham edilən İlqar Məmmədovun məhkəməsi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Saatlı rayon sakini, 1966-cı il təvəllüdlü İlqar əlillik almaq istəyən insanlarla görüşüb və onlara müvafiq sənədlərin hazırlanmasında yardım göstərəcəyini vəd edib.
İttihama görə, İlqar ümumilikdə 26 nəfərdən leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin saxta yollarla uzadılmasında vasitəçilik edərək, 1500-8000 min manat arası rüşvət alıb.
Onun aldığı pulların ümumi dəyərinin 84800 manat olması müəyyən edilib. Bu məbləğdən komissiya sədrinə və digər vəzifəli şəxslərlə də pay çatıb.
İstintaqla sənədlərin saxta olduğu, həkimlər tərəfindən heç bir real tibbi əsas olmadan müvafiq arayışların hazırlandığı aşkara çıxıb. Ayrı-ayrı şəxslərlə bağlı müxtəlif diaqnozlara dair saxta məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil olunub. Bunun üçün sədrin və komissiya üzvlərinin elektron imza kartlarından istifadə edilib.
İstintaq orqanı İlqar barəsində Cinayət Məcəlləsinin 312-1.1-ci (şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün, birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi) maddəsi ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar həmin ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2020-2023-cü illər ərzində Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının üzvləri ilə ayrı-ayrı rayon sakinləri arasında pul müqabilində leykoz, ağır eşitmə, xərçəng və digər xəstəliklər əsasında əlillik dərəcələrinin, əlilliyə görə əmək pensiyalarının təyin edilməsində və ya qüvvədə olma müddəti başa çatmış əlillik dərəcələrinin və əlilliyə görə əmək pensiyalarının müddətinin uzadılmasında vasitəçilik edib: “Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları ilə etibarlı münasibətlərim vardı. Ona görə də çoxsaylı rayon sakinlərindən müxtəlif məbləğlərdə pullar almışam və Saatlı Rayon Mərkəzi Xəstəxanasnını əməkdaşlarına verərək, əlillik dərəcələrinin təyin və ya bərpa edilməsinə nail olmuşam. Bəzi hallarda isə maraqlı şəxslər barəsində “Forma 88” nümunəli elektron göndərişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə yüklənsə də, imtina cavabları verilib. Vasitəçilik xidmətlərinə görə özüm də müəyyən miqdarda gəlir əldə etmişəm. Əlilliyin təyini və ya bərpası müqabilində müxtəlif məbləğlərdə pul almışam. Amma həmin şəxslər heç bir tibb müəssisəsində əyani müayinəyə göndərilməyib. Yalnız şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişəm, elə bu məlumatlar əsasında onların barəsində elektron sistemə “Forma 88”lər yerləşdiriib. Zəruri tibbi sənədlərin hazırlanması isə Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı və digərləri tərəfindən təmin edilib”.
İlqarın ifadəsinə görə, 2021-ci ildə Saatlı rayonu ərazisində görüşərkən qudası Əmiralı gəlini, yəni doğma qızına əlillik pensiyası düzəltdirməsini xahiş edib: “Mən də bu məsələ ilə bağlı qudamı Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhəti Komissiyasının sədri işləyən şəxsin yanına göndərdim. Sonradan eşitdiyimə görə qudam gəlini üçün əlillik pensiyası düzəltdirməsi üçün komissiya sədrinə 32 3.800 manat verib. Bildiyinə görə Əmiralı pulu verdikdən təxminən bir ay yarım sonra qızıma pensiya təyin olunub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər onun vasitəçiliyi olmadan 2-ci qrup əlilliyə görə əmək pensiyası almış Gündüz adlı şəxs əlillik müddəti 2021-ci ildə başa çatdığına görə əlilliyin müddətini uzatmaq barədə maraqlanmaq üçün həmin ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Saatlı rayonu ərazisində ona müraciət edib və əlilliyin bərpasında köməklik göstərməsini xahiş edib: “Mən isə öz növbəmdə 5.000 manat müqabilində əlillik müddətinin uzadılmasını təmin etmək imkanımın olduğunu, pulu verdikdən sonra heç bir tibb müəssisəsinə getməyəcəyimi bildirdim. Lakin əlilliyi konkret olaraq kimin vasitəsilə bərpa etdirəcəyimi deməmişəm. Mən bir neçə gün ərzində hissə-hissə iki dəfəyə - birinci dəfə 3.500 manat, ikinci dəfə 1.500 manat olmaqla cəmi 5.000 manat pul vəsaitini Saatlı rayonu ərazisində təklikdə görüşərkən Gündüzdən almışam. Daha sonra həmin pulu və Gündüzün şəxsiyyət vəsiqəsinin surətini Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhəti Komissiyasının sədrinə xəstəxanadakı xidməti otağında şəxsən özünə vermişəm. Ondan məsələni nizama salmasını, yəni Gündüzə əlillik dərəcəsi təyin edilməsindən ötrü barəsində Forma 88 rəsmiləşdirməsini xahiş etmişəm. O da öz növbəsində sözümü yerə salmayaraq məsələni həll etməyə razılığını ifadə etdi. Bundan bir müddət sonra Gündüzün pensiyası bərpa olundu”.
İlqar daha sonra ifadəsində göstərib ki, Mehman adlı şəxs 2022-ci ilin sonlarında rayon ərazisində ona müraciət edib və 2007-ci ildə yaşa görə əmək pensiyasına çıxmış anası –1934-cü il təvəllüdlü Əzizənin 2022-ci ildə vəfat etdiyini, mərhumun ölümü barədə aidiyyəti orqanlara məlumat vermədən pensiyasını ilin sonuna qədər aldığını, ona görə də, pensiyanın artıq alınmasının qanuni görünməsi üçün mərhumun ölüm tarixini ilin sonlarına yazdırmaq istədiyini bildirib, bu məsələdə köməklik göstərməsini xahiş edib: “Mən bu məsələnin həlli üçün Mehmandan 800 manat pul alaraq komissiya sədrinə xidməti otağında şəxsən vermişəm və Mehmanın anasının ölüm tarixini 2022-ci ilin mart ayı əvəzinə həmin ilin sonlarına rəsmiləşdirməsini xahiş etmişəm. Pulun müqabilində Adəm Əzizənin ölüm tarixini saxtalaşdıraraq bu barədə tibbi şəhadətnamə verib”.
Təqsirləndirilən şəxs digər epizodlar üzrə də etiraf edici ifadələr verib. Ona müraciət edən tanışlarından aldığı pulları Saatlı Rayon Mərkəzi Xəstəxanasının Həkim Məsləhət Komissiyasının sədrinə rüşvət qismində verib.
Saatlı Rayon Məhkəməsinin hökmü ilə İlqar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib və barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə iclas zalından həbsə alınıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsinə tövsif edilməsini, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib.
Qərara görə, şikayət qismən təmin edilib və Saatlı Rayon Məhkəməsinin hökmü dəyişdirilib. İlqarın barəsində 3 il müddətinə olan cəza 7 min manat cərimə cəzası ilə əvəz edilib.
Qərarda göstərilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 31 yanvar 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilib və cərimə cəzası 5000 manat müəyyən edilib.
Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, həbsdən dərhal azad olunub.