Azərbaycan 2020-ci ildə pandemiyanın yayılması ilə bağlı qəbul etdiyi quru sərhədlərin bağlanması qərarını indiyədək qüvvədə saxlayır. İlk baxışdan bu qərarın yalnız sanitar-epidemioloji səbəblərlə bağlı olduğu düşünülə bilər. Lakin son illərdə regionda baş verən geosiyasi hadisələr və təhlükəsizlik çağırışları göstərir ki, bu, sırf texniki tədbir deyil – düşünülmüş və strateji baxımdan əsaslandırılmış dövlət qərarıdır.
Azərbaycan elə bir regionda yerləşir ki, onun ətrafında demək olar, hər istiqamətdə potensial və real münaqişələr baş verir. Şimalda – Rusiya, artıq üç ildən çoxdur ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır. Cənubda – İranla İsrail arasında son günlər qızışan qarşıdurma real müharibəyə çevrilib. Hava hücumları, dron zərbələri, nüvə obyektlərinin hədəfə alınması artıq lokal gərginlik deyil, ciddi regional müharibə təhlükəsini ortaya çıxarıb.
Azərbaycan belə bir həssas bölgədə yerləşdiyi üçün onun sərhəd siyasəti yalnız daxili yox, regional təhlükəsizlik kontekstində də qiymətləndirilməlidir. Məsələn, İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri və bunun cavabında İranın raket hücumları bölgədə qeyri-müəyyənlik və gərginliyi kəskin şəkildə artırdı. Belə vəziyyətdə açıq sərhədlər dövlətə müxtəlif təhdidlərin asanlıqla daxil olması üçün zəmin yarada bilər. Açıq sərhədlər, xüsusilə də qeyri-sabit qonşu ölkələrlə müxtəlif casusluq, təxribat və hətta silahlı keçid halları üçün imkan deməkdir. Sərhədlərin bağlı qalması bu riskləri minimuma endirir və təhlükəli elementlərin ölkəyə sızmasının qarşısını alır.
Yaxın Şərqdə və İran daxilində fəaliyyət göstərən radikal qrupların region ölkələrinə təsir cəhdləri daim mövcuddur. Sərhədlərin bağlı qalması onların fiziki keçidini çətinləşdirir.
Müharibə zonalarından qaçqın axını və ya qeyri-qanuni miqrasiya təhlükəsi də real riskdir. Hadisələrin inkişafı İrandan tezliklə böyük köç dalğalarının ola biləcəyi ehtimalının sürətlə artdığını göstərir. Məhz belə bir vaxtda ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı statusda bütün xarici ölkə vətəndaşlarını Tehrandan dərhal çıxmağa çağırıb. Bunlara paralel olaraq, ABŞ Yaxın Şərqdə böyük ordu qruplaşması cəmləyir və bu ölkənin də İrana qarşı müahribədə iştirakı tamamilə gözləniləndir. Belə bir vaxtda İrandan kütləvi mühacir axını istisnalıq təşkil etmir. Amma onların sərhədi kortəbii şəkildə keçməsi daxil olduqları ölkələrdə xaotik durum yarada bilər. Buna hazır olmayan ölkələrin hansı problemlərlə üzləşdiyinə dair elə günümüzdə yetərincə misallara rast gəlmək mümkündür. Azərbaycan bu yolla ölkə daxilindəki sosial sabitliyi qorumağa nail olur.
Müharibə şəraitində olan ölkələrin xüsusi xidmət orqanları üçün sərhədlərin açıq olması təxribatlar üçün əlverişli mühit yaradır. Qapalı sərhədlər belə planların icrasını çətinləşdirir. Xarici təsirlərdən uzaq, idarəolunan daxili mühit ölkədə sabitliyin davamlılığını təmin edir. Bu da iqtisadi inkişaf və sosial rifah üçün əsas şərtdir.
Azərbaycan prezidenti İlham Əliyev bir sıra çıxışlarında bildirib ki, quru sərhədlərinin bağlı qalması ilk illər xüsusi karantin rejimi ilə bağlı olsa da, indi daha çox təhlükəsizliklə əlaqəlidir:
“Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır”.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur.
“Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
Prezident İlham Əliyev deyib ki, sərhədlərin bağlı olması azərbaycanlılar, sərhədlərin digər tərəfində yaşayan azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır.
O, sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü deyib.
"Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədlərin bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır".
Göründüyü kimi Azərbaycan dövlətinin öz qonşuları ilə quru sərhədləri bağlı saxlaması səbəbsiz deyil. Azərbaycanın təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri dövlət sərhədlərinin qorunması və ölkəyə qanunsuz keçidlərin qarşısının alınmasıdır.
İsrail və İran arasındakı son gərginlik bu siyasətin nə qədər əsaslı olduğunu bir daha sübut edir. İsrailin dron hücumları və İranın cavabları regional təhlükəsizliyi ciddi şəkildə sarsıdır. Azərbaycan bu mənzərədə öz təhlükəsizliyini təmin etməli və hərbi baxımdan neytrallığını qoruyaraq regionda sabitlik adası kimi qalmalıdır. Bu kontekstdə sərhədlərin bağlanması yalnız keçici tədbir deyil, müasir dövrdə milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir.
Bəziləri sərhədlərin bağlı qalmasını iqtisadi və humanitar baxımdan çətinlik yaradan addım kimi qiymətləndirə bilər. Amma dövlətin əsas vəzifəsi ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini qorumaqdır. Geosiyasi risklər azaldıqca və bölgədə sabitlik təmin olunduqca, sərhədlərin mərhələli şəkildə açılması mümkündür. Amma bu qərar yalnız təhlükəsizlik zəmanəti olduğu halda verilməlidir.
Azərbaycan bugünkü siyasəti ilə özünü regionun ən sabit və güvənli ölkəsi kimi qorumağı bacarır – bu isə açıq sərhəddən qat-qat qiymətlidir.
Musavat.com