Lerikdə iki qonşu arasında yol ilə bağlı mübahisə yaranıb.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Lerik rayonunun Zərdəbərə kənd sakini Rizvan Əliyev evinə aparan avtomobil yolunun olmamasından şikayətçidir. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərinə qədər bu ərazidə istifadə etdiyi yol olsa da, sonradan həmin torpaq sahəsi bəzi şəxslər tərəfindən qeyri-qanuni şəkildə zəbt edilərək şəxsi mülkiyyətə çevrilib.
“Kəndin mərkəzindən həyətimə maşınla gedə bilmirəm. Ot, küləş, bağlama nə varsa, hamısını əllə daşıyıram. Piyada keçmək üçün cığır var, amma maşın yolu yoxdur. Qonşum – eyni zamanda əmim oğlu olan Vaqif Əliyev, mənə həmin yoldan keçməyə icazə vermir. Artıq məsələ ilə bağlı məhkəməyə müraciət etmişəm. Bir dəfə məhkəmə iclası keçirilib, lakin qarşı tərəf iştirak etməyib”, – deyə Rizvan Əliyev bildirir.
Məsələ ilə bağlı Zərdəbərə kənd icra nümayəndəliyindən Teleqraf-a verilən məlumata görə, 2022-ci ildə Rizvan Əliyevin yaşadığı evə bələdiyyənin balansından xüsusi yol ayrılıb və bu barədə rəsmi sənədləşmə də aparılıb. Lakin vətəndaş iddia edir ki, əmisi oğlu tərəfindən yolun istifadəsi əngəllənir.
İcra nümayəndəliyindən o da qeyd olunub ki, adları çəkilən tərəflərlə dəfələrlə söhbətlər aparılsa da, Vaqif Əliyev bu iddiaları təkzib edib. Hazırda yaranmış mübahisənin yalnız məhkəmə qərarından sonra hüquqi şəkildə həll olunacağı gözlənilir.