"Ermənistanda kilsə hər zaman siyasi həyatda mühüm rol oynamış və ölkənin siyasi və sosial həyatında güclü təsirə sahib olmuş bir qurumdur. Və kilsə hər zaman xüsusi xidmət qurumlarının nəzarəti altında fəaliyyət göstərib. Ola bilsin, arxivlərin açılmamasının bir səbəbi də budur..."
Biz neçə illərdir, Azərbaycanda “KQB” arxivlərinin açılması zərurətindən danışırıq. Ancaq Rusiyanın yalnız Azərbaycandan deyil, bütövlükdə Güney Qafqazdan uzaqlaşmasının əsas açarlarından biri də Gürcüstan və Ermənistanda da Lüstrasiya haqda qanun qəbul edilərək arxivlərin açılması və nəticədə imperiyanın agentura şəbəkələrinin xeyli hissəsinin ifşa olunmasıdır. Deyəsən, Gürcüstanda Saakaşvili dövründə buna cəhdlər olub, oxşar qanun da qəbul edilib. Amma Azərbaycanda olduğu kimi buna ciddi cəhdlər olmayıb. Ermənistanda da oxşar qanun qəbul edilsə də, icra edilməyib. Maraqlıdır, görəsən, bu gün Qərbə bağlı olduğu deyilən, erməni kilsəsi və Kremlə bağlı digər qüvvələrə qarşı kəskin mübarizə apardığı görünən və demokratik düşüncəli sayılan Ermənistan baş naziri Nikol Paşinyan nədən hakimiyyətdə olduğu 7 ildən çox dövrdə arxivlərin açılması üçün qanuni cəhdləri davam etdirməyib? Axı arxivlər açılsaydı, Azərbaycanda olduğu kimi, Ermənistanda da ən azı 1988-ci ildən bəri Qarabağ münaqişəsinin qızışdırılmasında, alovlanmasında fəal iştirak etmiş bütün əksər “KQB” agentləri üzə çıxar, nəticədə Ter-Petrosyan, Köçəryan, Sərkisyan kimilər ifşa olunar və onların nəinki siyasətdən birdəfəlik uzaqlaşdırılmasına, hətta həbsinə də real şərait yaranardı...
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri ifadə edib:
“Keçmiş Sovet ölkələrinin bəzilərində Lüstrasiya qanunu qəbul olunmuşdur. İlk növbədə də Baltikyanı ölkələr bu addımı atmış və həmin qanunu hüquqi baxımdan tam əsaslandırmışlar. Yəni lüstrasiya prosesi üçün vacib olan məqamlar və bütün mexanizmlər həmin qanunda öz əksini tapıb. Və yaxşı yadımdadır, o zaman Litvada arxivlər açılanda ölkədəki milli azadlıq hərəkatı olan Sayudis”in liderlərindən biri və sonradan ölkənin baş naziri olmuş Kazimira Prunskiene və bir sıra digər şəxslər SSRİ “KQB”-sinin agenti kimi ifşa olundu...
Azərbaycanda təəssüf ki, bu istiqamətdə nəinki heç bir cəhd olunmadı, əksinə, arxivlər möhkəm şəkildə bağlandı, baxmayaraq ki, xalq hərəkatı hakimiyyətə gəlməzdən əvvəl, elə meydanlardakı mitinqlərdə dəfələrlə vurğulanmışdı ki, "Biz gələndə arxivləri açacağıq və hər şey aydın olacaq". Amma indiyə qədər arxivlərin açılacağı ilə bağlı heç bir ciddi addım atılmadı. Və bu gün fərqli iddialar səsləndirilir ki, guya arxivlərin bağlanması – möhürlənməsi təhlükəsizlik məqsədilə edilib. Lakin bu cür açıqlamalar inandırıcı deyil...
Əslində, ilk dövrlərdə, məsələn, 1992-ci ilin mayındakı o gərgin dövrdə belə bir təhlükə mövcud ola bilərdi. Lakin bir neçə həftə sonra bu təhlükə artıq aradan qalxmışdı. Göründüyü kimi, zamanla bu məsələlər həll olunmadı. Bəs niyə olmadı? Bu sualın cavabını o dövrdəki hakimiyyət rəhbərləri versinlər, çünki mən öz tərəfimdən bu suala cavab verə bilmirəm. Və həmin dövrdə mən şəxsən işləmişəm və görmüşəm ki, bu məsələdə əsas müzakirə mövzusu arxivlərin açılması və keçmiş agentlərin ifşa olunması deyil, daha çox orqanların fəaliyyətinin effektivliyi məsələsi idi. Çünki o vaxt Azərbaycanda xüsusi xidmət qurumlarının fəaliyyəti iflic olunmuşdu...
Gürcüstanda və Ermənistanda da belə bir qanun qəbul olundu, amma orada da görünür ki, prosedur məsələlər tam olaraq öz əksini tapmayıb. Bəs prosedur məsələlər nədir? Məsələn, Şərqi Almaniyada SSRİ-nin himayəsi altında mövcud olmuş sosialist ölkəsində bir sıra parametrləri üzrə hətta sovet “KQB”-sindən də daha qəddar qurum olmuş “Ştazi” adlanan dövlət təhlükəsizlik nazirliyinin arxivləri açıldıqda, bu agentliklə əməkdaşlıq etmiş şəxslər barədə məlumatlar üzə çıxdı və bu, cəmiyyətin çox böyük bir hissəsini əhatə etdi. Burada bir prosedur qayda ondan ibarət idi ki, insanlar gedib “Ştazi” arxivlərində özləri haqda məlumat öyrənə bilərdilər. Digər prosedur belə idi ki, həmin qurumun agenti olmuş adamlar özlərinə aid agentura işləri ilə tanış ola bilərdilər. Nəticədə 17-18 milyonluq Almaniya Demokratik Respublikasında təxminən 1.5 milyon insanın, yəni əhalinin təxminən 10 faizinin “Ştazi” ilə əməkdaşlıq etdiyi məlum oldu. Bu proses, həmçinin bir sıra siyasətçilərin və digər mühüm şəxslərin ifşasına və siyasətdən çəkilməsinə səbəb oldu...
Gürcüstan və Ermənistanda Lüstrasiya qanunu qəbul olunmasına baxmayaraq, görünür ki, prosedur məsələləri hələ də öz həllini tapmayıb və ya hansısa siyasi səbəblərdən həyata keçirilmir. Yəni cəmiyyətin müəyyən hissəsini sakitləşdirmək üçün qanunu qəbul ediblər, amma onun icrası praktiki olaraq irəliləmir. Bu, ölkələrdəki daxili siyasi konjunktura ilə də izah oluna bilər. Ona görə də faktiki olaraq qanun icraata yönəldilməyib. Yəni mən əminəm ki, Gürcüstanda da arxivlər açılsa, çox biabırçı ifşaların şahidi ola bilərik. Elə Ermənistanda da... Bu baxımdan görünür, Gürcüstanda mövcud hakimiyyət arxivlərin açılmasını istəmir. Halbuki, hazırda bu ölkədə hakimiyyətdə olanların çoxu o vaxtlar məktəb yaşında uşaqlar idilər və sovet dövrünün Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq etmələri inandırıcı görünmür... Eyni zamanda istisna olunmur ki, onlar elə müstəqil Gürcüstanın xüsusi xidmət qurumları ilə əməkdaşlıq ediblər...
Oxşar situasiya Ermənistanda da ola bilər. Amma orada başqa bir məqam da var. Məsələ ondadır ki, Ermənistanda kilsə hər zaman siyasi həyatda mühüm rol oynamış və ölkənin siyasi və sosial həyatında güclü təsirə sahib olmuş bir qurumdur. Və kilsə hər zaman xüsusi xidmət qurumlarının nəzarəti altında fəaliyyət göstərib. Ola bilsin, arxivlərin açılmamasının bir səbəbi də budur...
Qarabağ separatçılarının da mütləq əksəriyyəti, o cümlədən liderləri, şübhəsiz ki, SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əlaqədə olmuşlar. Bu məsələnin gündəmə gətirilməsi, onların ifşa edilməsi, əksinə, onları səfərbər edə, cəmiyyətdə qarşıdurma yarada və ilk növbədə Ermənistanın Rusiyanın qəzəbinə gəlməsinə səbəb ola bilər. Ola bilsin, arxivlərin açılmamasının digər səbəbi də budur...
Lakin hər halda, istər Gürcüstanda, istər Azərbaycanda, istərsə də Ermənistanda (Mərkəzi Asiya ölkələri haqda danışmaq mənasızdır - oradakı durum məlumdur) arxivlərin tam açılması və Lüstrasiya prosesinin tam şəkildə həyata keçirilməsi həm də ona görə ləngiyir ki, bu məsələ ilə bağlı Rusiya tərəfindən ciddi etirazlar mövcuddur. Həmin etirazin hansı formada edilməsi haqda biz sadəcə ehtimal edə bilərik. Yəqin ki, hansısa bir formada çatdırılır ki, bu, Rusiya üçün "qırmızı xətt"dir. Mən bunu da istisna etmirəm…”