Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə Rusiya televiziyasının yayımının dayandırılması ehtimalını şərh edərkən bildirib ki, o, Rusiya Prezidenti Vladimir Putin və baş nazir Mixail Mişustinlə “çörəyi paylaşıb”, lakin bəzi rus kanalları “bütün sərhədləri keçib”.
“Putin və Mişustinlə açıq, şəffaf münasibətlərim var, "çörəyi bölüşdük", amma bəzi Rusiya telekanalları bütün sərhədləri keçdi.
Mən onların [yayımın] dayandırılması barədə qərar qəbul etmək istəməzdim, lakin Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var və mən bunu istəməzdim", - Ermənistanın baş naziri bildirib. Paşinyan Rusiyaya “duz-çörək” xatırlatmasının mənası nədir? Bu ifadə qorxmağın əlaməti sayıla bilərmi?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Rusiyadan çəkinməsi təbiidir: “Paşinyan bir tərəfdən Qərbə yaxınlaşmaq xəttini götürüb və açıq şəkildə deyir ki, biz Avropa İttifaqına üzv olmaq istəyirik. Ancaq onu da anlayır ki, Avropa İttifaqının qapısında illərlə gözləyən dövlətlər var. Biri Ermənistanın qonşusu Türkiyədir. Ermənistanın ən azı 15-20 il Avropa İttifaqının qapısında gözləməli olacağını da Paşinyan yaxşı anlayır. Bu tərəfdən də Ermənistan Rusiyadan ciddi şəkildə asılıdır. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Ticarət dövriyyəsi son iki-üç il ərzində kosmik sürətlə artıb və Ermənistanın Rusiyadan asılılığı dəfələrlə çoxalıb. O biri tərəfdən Rusiyanın Ukraynada törətdiyi cinayətlər, verdiyi bəyanatlar, Azərbaycana münasibətdə atdığı addımlar bir daha göstərdi ki, bugünkü Rusiya hakimiyyəti nə qədər ki Rusiyaya rəhbərlik edir, bu dövlətin normal dövlətə çevrilmək ehtimalı yoxdur. Ona görə də keçmiş ittifaq respublikaları işlərini ehtiyatlı tutmaq məcburiyyətindədirlər. Ermənistan da yaxşı anlayır ki, Rusiyaya qarşı onun üçün sinəsini qabağa verəcək dövlətlər yoxdur. Bəyanatlar ola bilər, Rusiyanın Ermənistana qarşı atdığı addımları pisləyənlər olar, ancaq Rusiyaya qarşı kəskin mövqe tutub, yeri gəlsə, Ermənistana hərbi yardım eləyəcək dövlət yoxdur. Bu da təbiidir ki, Ermənistanı düşünmək və eyni zamanda qorxmaq məcburiyyətində qoyur. Buna görə də Paşinyan "çörək paylaşmışıq" ifadəsini işlədir".
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan yaxşı başa düşür ki, Rusiya telekanallarının Ermənistanda yayını dayandırılmalıdır: "Çünki düşmən təbliğatı ilə məşğuldurlar, Ermənistan hakimiyyətini aşağılayan çıxışlar edirlər. Ancaq o biri tərəfdən Rusiyanın öz telekanallarının qonşu dövlətlərin ərazisində yayımlanmasına, rus dilinin yayılmasına olan “həssas” münasibəti İrəvanı düşünmək məcburiyyətində qoyur. Aydındır ki, Paşinyan "biz çörək paylaşmışıq" ifadəsini işlədəndə Rusiya rəhbərləri ilə təkcə bir süfrə arxasında oturduğu məqamları xatırlamır. Ermənistanın gəlirinin böyük hissəsi Rusiyadan gəlir və Rusiya ilə münasibətlərin pisləşməsi Ermənistan üçün fəlakətli nəticələr törədə bilər. Bunu Paşinyan bilir. Digər mühüm məsələlər var ki, Ermənistan bunları nəzərə almaq məcburiyyətindədir. Paşinyanın gözünün qarşısında Ukrayna kimi “gözü çıxan qardaş” var".
Aqil Məmmədov
Siyasi şərhçi Aqil Məmmədov bildirdi ki, Ermənistan baş nazirinin çıxışında duz-çörək metaforasından istifadə etməsi baş verənlərə emosional yanaşmanı ifadə edir: “Duz-çörək məfhumunun həm Qafqaz xalqları, həm xristian xalqları üçün özünün simvolik mənası var. Bu, dostluğa, əməkdaşlığa sadiqlik rəmzi kimi hesab edilir. Ona görə hesab edirəm ki, Paşinyanın duz-çörək metaforasından istifadə etməklə bu gün Rusiya mediasında rəsmi İrəvana qarşı aparılan kampaniyaların əməkdaşlıq və tərəfdaşlıq ruhuna uyğun olmamasına işarədir. Paşinyan bu ifadə ilə İrəvan və Moskva arasında dərin strateji tərəfdaşlığın olmasına işarə etməklə, qarşı tərəfi münasibətlərin tarixinə hörmət etməyə dəvət edir. Başqa sözlə, Paşinyan Kreml rəhbərliyinə açıq şəkildə xəbərdarlıq edir ki, mövcud münasibətlərin qorunması üçün qarşılıqlı hörmət və nəzakət göstərilməlidir. Bu, xüsusilə son zamanlar Ermənistan daxilində baş verən siyasi proseslərə Moskvada media vasitəsilə müdaxilə cəhdləri fonunda aktuallaşıb. Son zamanlar məlumdur ki, Rusiya mediası Ermənistanın daxilində baş verən prosesləri fərqli rakursda təqdim etməklə ictimai fikri çaşdırmaq yönündə addımlar atır. Hətta dövlət çevrilişinə cəhd hazırlıqlarında olan müxalif qüvvələrə informasiya dəstəyi verilir, rus ekspertlər isə mənzərəyə fərqli rəng qatmağa çalışırlar”.
Ekspertin fikrincə, beləliklə, Paşinyanın duz-çörək ifadəsi əslində həm də o deməkdir ki, əgər bu dalğada mərkəzi hakimiyyətin rolu yoxdursa, o zaman onlar bu neqativin dayandırılmasını təmin etməlidirlər: “Eyni zamanda bu, son günlər Ermənistanda Rusiya TV kanallarının bağlanması və erməni informasiya məkanının rus informasiya virusundan təmizlənməsinin vacibliyi ilə bağlı gedən müzakirələrə görə məsuliyyəti Rusiya tərəfinin üzərinə qoymaqdır. Ona görə düşünürəm ki, Paşinyanın bu açıqlaması qorxu elementindən çox diplomatik xəbərdarlıqdır. Paşinyan duz-çörəyə sadiq olduqlarını, ancaq milli maraqlar naminə rus kanallarının və media resursları ilə bağlı sərt qərar qəbul etməyə məcbur qalacağını rəsmi Moskvanın diqqətinə çatdırır. Ermənistan Rusiyaya açıq şəkildə bildirir ki, münasibətlərin bundan sonra hansı istiqamətdə davam edəcəyi məhz Rusiyanın öz davranışından asılıdır”.