Musavat.com xəbər verir ki, iyulun 17-də Belçika Nümayəndələr Palatası Azərbaycanın suveren ərazisində – Qarabağda keçirdiyi antiterror tədbirlərini təhrif edən və ölkəmizə qarşı əsassız ittihamlarla dolu olan qətnamə qəbul edib.
Sənədin bütün maddələri Azərbaycanın milli maraqlarına və beynəlxalq hüququn reallıqlarına zidd olmaqla yanaşı, açıq şəkildə Ermənistanın və onun dəstəklədiyi separatçı ermənilərin mövqeyini müdafiə edir.
Belçika parlamenti qondarma “artsax” rejiminə qarşı keçirilmiş qanuni antiterror əməliyyatını guya “hücum” kimi qiymətləndirib və bu addımın beynəlxalq hüquqa zidd olduğunu iddia edib. Halbuki, Azərbaycan həmin ərazidə öz suverenliyini bərpa edib və bu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn prinsiplərinə tam uyğundur.
Sənəddə “Qərbi Azərbaycan” konsepti çərçivəsində səsləndirilən bəyanatlar da qərəzli şəkildə “hədə” kimi təqdim olunub. Halbuki, Azərbaycan yalnız tarixi ədalətin və azərbaycanlıların geri dönüş hüququnun təmin olunmasından danışır. Bu mövqeni təhrif etmək, Azərbaycan əleyhinə kampaniyanın tərkib hissəsidir.
Qətnamədə Azərbaycanın qondarma “Qarabağ rəhbərlərini” guya “qanunsuz” saxladığı və “müəmma doğuran” məhkəmə prosesləri apardığı iddia olunur. Əslində isə Azərbaycan məhkəmələri beynəlxalq hüquqa uyğun şəkildə hərbi cinayətlərdə şübhəli bilinən separatçılara qarşı araşdırma aparır.
Belçika qanunvericiləri UNESCO-nun bölgəyə buraxılması çağırışı ilə Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirib. Mədəni irsin qorunması məsələsində Azərbaycan dünya birliyinə nümunə ola biləcək uğurlu addımlar atıb.
Sənəddə Belçika hökumətinə hərbi cinayətlərin beynəlxalq müstəvidə araşdırılmasına dəstək verməsi, Ermənistanda konsulluq fəaliyyətini genişləndirməsi və Yerevanla hərbi əməkdaşlığı dərinləşdirməsi tövsiyə olunur – bu isə açıq-aşkar Ermənistanı silahlandırmağa çağırışdır.
Belçika parlamenti Aİ-dən Azərbaycanla münasibətlərin yenidən nəzərdən keçirilməsini istəyir. Bu, həm Avropa İttifaqının ədalətli vasitəçi obrazına zərbədir, həm də Cənubi Qafqazda sülhə töhfə vermək əvəzinə yeni gərginliklərin təşviqidir.
Qətnamənin həmmüəllifi, deputat Mişel de Maegd verdiyi açıqlamada, guya Azərbaycanın “sülh üçün yeni şərtlər irəli sürdüyünü”, Ermənistanın isə “yalnız suverenliyinə hörmət tələb etdiyini” bildirib. Bu mövqe Ermənistanın son 30 ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımları, işğalları və etnik təmizləmələri bilərəkdən görməzdən gəlməkdir.
Azərbaycan cəmiyyəti bu qətnaməni qətiyyətlə pisləyir və Belçika parlamentini Cənubi Qafqazda sülh və sabitliyi pozacaq belə birtərəfli və təxribat xarakterli qərarlardan çəkinməyə çağırır.