Onları tamaşaçılar Ağdamın məşhur “Qarabağ bülbülləri” qrupundan tanıyıb sevdilər. Oxuduqları “Qarabağ şikəstəsi” ana laylaları, ata nəsihətləri oldu. Dörd oğlan idilər. Dördünün də yanğılı ifası, məlahətli səsi, şirin avazı onları hələ uşaq ikən məşhurlaşdırmışdı. Moskvanın ən böyük səhnələrində görkəmli sənətkarlarımızla birgə oxumaq da var imiş qismətlərində.. Həmin dördlükdən biri - İzahat Cəfərovun bu gün doğum günüdür. Təəssüflər olsun ki, bu doğum gününü də onsuz qarşılayırıq. İzahat Cəfərov ömrünün ən gözəl çağında sevənlərindən, ailəsindən, dostlarından, ələxsus da canından çox sevdiyi nəvələrindən ayrılıb, əbədi dünyasına köçdü. Ağdamın Şelli kəndində doğulan sənətçi elə ilk təhsilini də həmin kənddə alır və daha sonra Bakıya gələrək arzularının ardınca getmək istəyir.
Sənətkarın qızı Günel Cəfərova Moderator.az-a açıqlamasında bildirib ki,ailəsi atasının xatirəsini hər zaman yaşadacaq:
“Atam haqqında danışmaq mənim üçün çox çətindir. Nə qədər zaman keçsə də, illər ötsə də o ağrı, o acı sanki bu gün yaşanıb. Təəssüf etdiyim məqamlar çoxdur. Sağ ikən də biz onu çox görmürdük. El üçün, dostları, qohumları üçün ora-bura qaçırdı. Hamının problemini həll etməyə, dərdinə dərman olmağa çalışırdı. İnsanpərvər olmaq hər kəsə nəsib olmur. İnsanlara çox dəyər verirdi, yardımsevər idi. Deyirdim ki, “ata, bizimlə niyə az vaxt keçirirsən?”. Deyirdi ki, “narahat olma, zaman var, il var, ay var, gün var”. Amma zaman atamızı bizdən erkən alıb apardı. Ondan doymadıq. Onsuz çox çətindir. Şükür Allaha anam var, qardaşım var, amma atamın yerini heç kim doldura bilməz. Anam üçün daha da çətindir. O hələ də necə rahatlıq tapacağını bilmir. Təsəllimiz yoxdur. Hər birimiz ailəliyik, amma təkliyi ən çox o hiss edir. Mənim qızım ali məktəbə daxil oldu. Atam bir bilsəydiniz onu, digər nəvələrini nə qədər çox sevirdi. Bu xəbəri eşidən kimi ağladım. Ən sevincli günümüzdə belə ürəkdən gülə, sevinə bilmirik. Ən dəhşətlisi budur. Ən böyük təsəllimiz budur ki, onun açdığı cığırla, yolla gedirik” deyə sənətkarın qızı bildirib.
“Qarabağ şikəstəsi” ilə səsi “Qızıl Fond”-a düşən sənətkarın ailəsi onun digər mahnı və oxuduğu nəğmələri də toplayıb, cəm halında bir diskdə təqdim etmək niyyətindədir:

“Atamın sənəti ilə bağlı planlarımız var. Hər kəs onu və digər yoldaşlarını “Qarabağ şikəstəsi” ifası ilə tanıyıb. Amma atamın bir çox ifaları var. İstər Aztv”-də, istərsə də şəxsi arxivimizdə o ifaları qoruyub saxlamışıq. Onları toplayıb, disk halında təqdim etmək istəyirik. Atam cismən yanımızdan getsə də, ruhən bizimlə yaşayır. Sənətkar dünyasını dəyişsə də, səsi, ifaları hər zaman qalır. Gələcək nəsillərə ötürülür və onu dinləyən tamaşaçıların zövqünü oxşayır” deyə sənətkarın qızı bildirib.
