Azərbaycanda 73 yaşlı kişi öz helikopterini düzəldib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, Masallı rayonunun Sığıncaq kənd sakini, 73 yaşlı Məmmədtağı Məmmədov kənd təsərrüfatı işlərini asanlaşdırmaq üçün təxminən 30 il əvvəl mini helikopter düzəldib.
Tornaçı kimi uzun illər fəaliyyət göstərən Məmmədov helikopterin bütün hissələrini öz avadanlıqları ilə hazırlayıb. Onun sözlərinə görə, hava nəqliyyat vasitəsinin yanacaq çəni 14 litr tutumludur və bu, 1 saat 40 dəqiqə fasiləsiz uçuş üçün kifayət edir:
“Yanacaq çənlərini də özüm düzəltmişəm. Bu rayondan o rayona uçmaq üçün bəs edir,” – deyə o bildirib.
Motosiklet mühərriki ilə təchiz edilən bir nəfərlik bu mini helikopter, əlavə yük daşımaq imkanına da malikdir. Məmmədtağı Məmmədov hazırda zərurət olmadığı üçün helikopteri öz şəxsi sexində saxladığını, lakin ehtiyac yaranacağı halda bir neçə saat ərzində istifadəyə tam hazır vəziyyətə gətirə biləcəyini deyir.