Rusiya əmək miqranlarına qarşı siyasəti sərtləşdirməyə davam edir. Bu dəfə “Yeni insanlar” fraksiyasının deputatları miqrantlara rəsmi maaşlarından artıq məbləğdə pulun xaricə köçürülməsinə qadağa qoyulmasını təklif ediblər. Bildirilir ki, köçürmə məbləği həddən artıq olduqda, gəliri təsdiq edən vergi bəyannaməsi tələb olunmaldıır. Təşəbbüs Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinaya göndərilib.
Təklif Duma fraksiyasından gəlsə də, təcrübə göstərir ki, Rusiya hakimiyyəti miqrantların zərərinə olan belə mürtəce dəyişiklikləri bir qayda olaraq məhz kiçik qrupların dili ilə ictimaiyyətə açıqlayır, ardınca proses rəsmi hüquqi aktlara qədər gedir.
Rusiya rəsmi qurumlarının məlumatına görə, 2023-cü ildə xaricdən Rusiyaya gələrək olduğu yerdə qeydiyyata düşən miqrantların sayı 2022-ci illə müqayisədə 23 faiz azalaraq 560,4 min nəfər olub. Onların əksəriyyəti (31 faiz) Tacikistan sakinləridir. Saylarına görə ikinci yeri Qırğızıstandan olan immiqrantlar (10 faiz), üçüncü yeri Ukrayna, Ermənistan və Qazaxıstan (9 faiz), dördüncü yerdə Özbəkistan (4 faiz) tutur. Azərbaycandan gələnlər də 4 faiz təşkil edib.
2024-cü ildə Rusiyaya təxminən 6,3 milyon miqrant gəlib. Bildirilir ki, onların yarısı əmək miqrantlarıdır. Əcnəbi vətəndaşların əksəriyyəti Özbəkistan (23,3 faiz), 16,7 faizi Tacikistan, 10,4 faizi Qırğızıstan, 9,5 faizi Belarus vətəndaşlarıdır.
Rusiya rəsmi statistikası ölkəyə miqrant axınında artımın olduğunu açıqlasa da, bir sıra ekspertlər bunun əksini iddia edərək qeyd edirlər ki, hazırda Rusiyada əmək miqrantlarının sayında azalma müşahidə olunur. Əməkçi miqrantların həmkarlar ittifaqının sədri Renat Kərimov qeyd edib ki, Rusiyaya gələn miqrantların sayı azalıb: “Rusiyadan qovulan miqrantlar artıq geri qayıtmır. Ümumiyyətlə, indi ölkəyə daha az miqrant gəlir. Çünki Rusiyada 2024-cü ilin bütün ili əmək miqrasiyasının sərtləşdirilməsi şüarı ilə keçirilib. Ona görə də burada hər bir əməkçi miqrant risk altındadır. Rusiyaya gələn miqrantlar azalıb”.
Kərimovun sözlərinə görə, miqrantların sayının azalması ölkədə əmək bazarının da müvafiq reaksiyasına səbəb olur. Rusiyada işçi qüvvəsi çatışmazlığı var.
Buna baxmayaraq, Rusiya miqrantların ölkəyə gəlişini getdikcə çətinləşdirir, onlara qarşı qaydaları sərtləşdirir. Bunun əsas səbəbi olaraq iki amil çıxış edir: birincisi, miqrantları Ukraynadakı müharibəyə cəlb etmək - bunun üçün əmək miqrantı kimi qeydiyyat çətinləşdirilir, vətəndaşlıq verilməsi üçün müqavilə ilə orduya qoşulanlara imtiyazlar tətbiq olunur. Miqrantlara qarşı qaydaların kəskinləşdirilməsinin digər səbəbi onların Rusiyadan öz vətənlərinə pulköçürmələrinin azalmasına nail olmaqdır. Belə ki, Avropa İttifaqının gözlənilən sanksiyaları, həmçinin son aylarda neft bazarında yaranan qiymət konyukturu Rusiya üçün ciddi problemlər yaradır. May ayında Rusiya neftinin orta ixrac qiyməti 52 dollara bərabər olub. Neft gəlirlərinin kəskin azalması fonunda neftin 60 dollarlıq qiyməti ilə hesablanmış Rusiya büdcəsində dəyişiklik qərarına gəlinib.
Neft qiymətlərinin düşməsi, ixrac imkanlarının azalması fonunda Ukraynadakı işğalçı müharibənin ağır xərcləri Rusiya büdcəsində böyük kəsir yaranmasına gətirib çıxarıb. Rusiya Maliyyə Nazirliyinin hesabatına əsasən 2025-ci ilin yanvar-may aylarında Rusiya federal büdcəsi 3,393 trilyon rubl və ya ÜDM-in 1,5 faizi həcmində kəsirlə icra edilib. Yanvar-aprel aylarında kəsir 3,225 trilyon rubl və ya ÜDM-in 1,5 faizini təşkil etmişdi. Federal Xəzinədarlığın dərc etdiyi məlumata görə isə, 4 ay ərzində federal büdcə kəsiri 2 trilyon 930,8 milyard rubl təşkil edib.
Cari ilin büdcə qanununda 1,173 trilyon rubl və ya ÜDM-in 0,5 faizi həcmində kəsir nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, kəsir proqnozdan iki dəfəyə yaxın çoxdur. Dövlət Dumasında baxılan büdcə dəyişikliklərində 2025-ci ildə kəsiri 3,792 trilyon rubla və ya ÜDM-in 1,7 faizinə qədər artırılıb.
2025-ci ilin yanvar-may aylarında federal büdcənin gəlirləri 3,1 faiz artaraq 14,732 trilyon rubla çatıb. Federal büdcənin qeyri-neft və qaz gəlirləri 10,492 trilyon rubl təşkil edərək, planlaşdırılan səviyyəni bir qədər üstələyib. Neft və qaz gəlirləri isə 14,4 faiz - 4,240 trilyon rubla qədər azalıb. Məlumata əsasən, 2025-ci ilin yanvar-may aylarında federal büdcə xərclərinin həcmi 20,7 faiz artaraq 18,125 trilyon rubla çatıb.
İyun ayında neft və qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 33 faizdən çox azalıb. Yanvar-iyun aylarında neft və qazın satışından əldə olunan gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 17 faiz azalaraq 4,73 trilyon rubl təşkil edib.
Rusiyanın valyuta gəlirlərinin azalması, müharibə xərclərinin artması fonunda büdcənin təhlükəsizlik yastığı sayılan Rusiya Milli Rifah Fondu (MRF) sürətlə boşalır. İyunun 1-nə fondun 2,8 trilyon rublu (31 milyard dollar) olub ki, bu da 2019-cu ildən bəri minimum göstəricidir. Eyni zamanda bildirilir ki, Ukraynaya qarşı müharibənin üç ili ərzində ehtiyatların həcmi rublla iki dəfədən çox, dollarla isə üç dəfə azalıb: 113,5 milyarddan 37,4 milyarda.
Gəlirlər azalsa da, Rusiyadan miqrantların vətənə göndərdikləri pullar azalmır. Məsələn, Respublika Mərkəzi Bankının mətbuat xidmətindən verilən məlumata görə, 2024-cü ildə xaricdən Özbəkistana pul köçürmələrinin ümumi həcmi 2023-cü illə müqayisədə 30 faiz artaraq 14,8 milyard dollar təşkil edib. Bu zaman 11,5 milyard dollar (artım 29 faiz), yəni respublikaya pul köçürmələrinin ümumi həcminin 77 faizi Rusiyadan daxil olub. Özbəkistan tərəfinin rəsmi məlumatına görə, 2024-cü ildə xaricdə müvəqqəti işləyən respublika vətəndaşlarının sayı üçdə bir azalaraq 1,14 milyon nəfərə düşüb. Onların 1 milyona yaxını Rusiyadadır.
2024-cü ildə Rusiyadan Qırğızıstana pul köçürmələrinin həcmi 2023-cü illə müqayisədə 10,5 faiz artaraq 2,8 milyard dollara çatıb. Bu, Qırğızıstana xaricdən daxil olan köçürmələrin ümumi həcminin 93 faizini təşkil edir. Əlavə edək ki, 2024-cü ilin sonuna Qırğızıstana pul köçürmələrinin ümumi həcmi 2 milyard 989,5 milyon dollar olub.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 2024-cü ildə Tacikistana pul köçürmələrinin həcmi rekord həddə - 5,8 milyard dollara çatıb. 2023-cü ildə respublikaya pul köçürmələrinin həcmi 4,6 milyard dollar olmuşdu. Rusiya tacik miqrantları üçün əsas ölkə olaraq qalır. Rusiya Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən qeyd edilir ki, 2024-cü ilin avqust ayına olan məlumata görə, Rusiyada 1,2 milyondan çox tacik miqrant yaşayır ki, bu da Özbəkistandan olan miqrantlardan (təxminən 1,7 milyon nəfər) sonra ölkədə ikinci ən böyük miqrant qrupudur.
Rusiyada olan azərbaycanlıların sayına gəlincə, burada dəqiq məlumat əldə etmək çətindir. Ümumiyyətlə, Rusiya həmişə azərbaycanlı əmək miqrantlarının axın etdiyi istiqamət olub. Bəzi məlumatlara əsasən, 90-cı illərdən indiyədək 2 milyon azərbaycanlı Rusiyaya əmək miqrasiyası edib. Rusiya Miqrasiya Xidmətinin məlumatına əsasən, 2017-2019-cu illərdə bu ölkəyə gəlib rəsmi əmək miqrantı kimi qeydiyyata düşən azərbaycanlılarına illik sayı 56-57 min nəfər təşkil edib. 2021-ci ildə bu göstərici 63,9 min nəfərə çatıb. 2022-ci ildə Rusiyaya iş dalınca gedib rəsmi qeydiyyata düşən azərbaycanlıların sayında 3 faizə yaxın artım baş verib. Ukraynadakı müharibəyə cəlb olunmaq təhlükəsinə baxmayaraq, 95,1 min nəfər insan Rusiyaya gedişinin əsas səbəbi kimi əmək miqrasiyasını göstərərək, rəsmi əmək miqrantı kimi qeydiyyata düşüb.
Bir çox soydaşlarımız əmək miqrantı kimi ödəniş ödəməmək üçün Rusiya vətəndaşlığı alırlar. Belə ki, 2019-cu ildə 9,5 min azərbaycanlı şimal qonşunun vətəndaşı olubsa, 2021-ci ildə bu rəqəm 30,8 min nəfərə çatıb. 2022-ci ildə vətəndaşlığın həm də hərbi mükəlləfiyyət yaratmasına baxmayaraq, 23 min azərbaycanlı Rusiya vətəndaşlığı alıb. 2023-cü ildə bu göstərici 22,4 min nəfər olub.
Rusiyanın rəsmi orqanlarının məlumatına əsasən, 2021-ci il siyahıyaalınmasında 670 minə yaxın insan özünü azərbaycanlı kimi təqdim edib. Amma əmək miqrantlarını və müvəqqəti olaraq pul qazanmaq üçün gələnləri də nəzərə alsaq, bu rəqəmi ikiyə vurmaq olar, yəni 1,2 milyon nəfərdən danışmaq olar.
Son məlumatlara görə, hazırda Rusiyada 331 727 azərbaycanlı miqrant (Azərbaycan vətəndaşları - redaktorun qeydi) yaşayır. Bu, 2024-cü ilin sonu və 2025-ci ilin əvvəlinə aid ən son rəsmi statistikadır. Bu məlumatı Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya veriblər. Həmin məlumata görə, hazırda Rusiyada miqrasiya məqsədilə 122 568 azərbaycanlı miqrant qeydiyyatdadır. Bu məlumatı səfirliyə Rusiya Daxili İşlər Nazirliyi verib.
2022-ci ildəki kəskin artımdan sonra Rusiyadan Azərbaycana pulköçürmələri sürətlə azalıb. Məsələn, 2024-cü ildə fiziki şəxslər tərəfindən Azərbaycana xaricdən göndərilən pul baratlarının həcmi 1 milyard 82 milyon 873 min dollar təşkil edib. Bu, 2023-cü ildə qeydə alınan 1 milyard 654 milyon 815 min dollardan 34,6 faiz azdır. Ötən il Rusiyadan göndərişlərin həcmi 2023-cü ildəki 1 milyard 47 milyon 523 min dollardan 496 milyon 753 min dollara qədər azalıb.
Bu ilin birinci rübündə ölkəyə belə pul axını 229 milyon 494 min dollara bərabər olub ki, bu da 2023-cü ilin eyni dövründəki 294 milyon 420 min dollardan 22 faizədək azdır. Birinci rübdə göndərilən vəsaitlərin 85 milyon 651 min dolları Rusiyadandır ki, bu da illik müqayisədə (155 milyon 376 min dollar) 45 faizədək azalma deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkə xaricindən alınan vəsaitlərin əhalinin gəlirlərində payı ən yüksək Bakı, Gəncə-Daşkəsən, Qazax-Tovuzda 0,6 faiz, Şəki-Zaqatalada 0,5 faiz, Lənkəran-Astarada 0,3 faiz təşkil edib. Bu isə o deməkdir ki, Rusiyadan pulköçürmələri tamamilə dayansa belə, Azərbaycan əhalisinin həyat şərtləri bundan ciddi təsirlənməyəcək.
Dünya SAKİT,
“Yeni Müsavat”