Rusiyanın Yekaterinburq şəhərində yaşayan tanınmış diaspor nümayəndəsi Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqın versiyasına görə, iyulun 1-də “Mercedes-Benz S 500" markalı avtomobildə hərəkətdə olan Şahin Şıxlinskinin oğlu polisin "saxla" əmrinə tabe olmayaraq, avtomobillə ərazidən uzaqlaşmağa çalışıb.
Bu zaman maşının hərəkəti nəticəsində açıq qapının yanında dayanan polis əməkdaşı dirsək və baş nahiyəsindən yüngül xəsarət alıb. Cinayət işi Rusiya İstintaq Komitəsinin rəhbərliyinin, şəxsən ədliyyə general-polkovniki Kaburneyevin imzası ilə rəsmiləşdirilib. Lakin hüquqşünaslar və hüquq-müdafiəçilər bu prosesi təkcə “polisə müqavimət” hadisəsi kimi deyil, Azərbaycan diasporuna qarşı sistemli təzyiq mexanizminin bir hissəsi kimi dəyərləndirirlər.
Cinayət işinin başlanması, istintaqın geniş ictimaiyyətə sızdırılması, diaspor nümayəndələrinin qısa müddətdə “cinayətkar” kimi təqdim olunması və Rusiya mediasında yayılan aqressiv ritorika onu göstərir ki, bu məsələ sırf hüquqi yox, həm də siyasi mahiyyət daşıyır.
Qeyd edək ki, saxlanılan Şahin Şıxlinski həmin dövrdə xüsusi təyinatlı polis qüvvələri tərəfindən qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun müavini olub. Məhz bu səbəbdən istintaqın qisas elementləri və sifarişli təzyiqlər əsasında qurulduğu ehtimal edilir.
Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi hakimiyyət nümayəndəsinə zor tətbiq etmə adlanır. Bu maddə praktikada çox zaman aşağı riskli, yüngül cinayətlər sırasına daxil edilir və məhkəmələr tərəfindən 200 min rubl cərimə; şərti cəza və ya cəmiyyətə yararlı işlərlə əvəzolunmuş qərarlarla nəticələnir. Bu ittihamla ən yaxşı halda, məhkəmə sadəcə cərimə ilə kifayətlənə bilər. Ən pis halda, bu məsələ Azərbaycan-Rusiya münasibətlərində növbəti böhran ocağına çevrilə bilər. Buna görə də Şıxlinskilərə qarşı istintaqın bu qədər genişləndirilməsi və siyasi çalara salınması hüquqi deyil, demonstrativ məqsədlərlə edilən güc tətbiqi kimi görünür.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, azərbaycanlılara qarşı etnik zəmində ayrı-seçkilik, zorakılıq və əsassız həbslər müşahidə olunur: “Azərbaycan vətəndaşlarına qarşı zor tətbiq edilməsi, xüsusilə də dindirmə və reydlər zamanı işgəncələrə, alçaldıcı rəftara yol verilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Bu təkcə insan hüquqlarına yox, dövlətlərarası münasibətlərə qarşı yönəlmiş hərəkətdir”.
Mütvəli Şıxlinskinin saxlanması və barəsində cinayət işinin başlanması 25 il əvvəl baş vermiş başqa bir cinayət işi ilə əlaqələndirilir, lakin ortada heç bir rəsmi sübut yoxdur: “Bəri başdan aydındır ki, bu cür təzyiqlər effekt verməyəcək. Mütvəli Şıxlinskinin ittiham edildiyi maddənin sanksiyasında şəxsin cərimələnərək azad edilməsi də nəzərdə tutulub. Belə bir halda onun həbsi istintaqın qərəzli aparılmasından xəbər verir. Görünən odur ki, məsələ hüquqi kontekstdən çıxıb”.