Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi region gündəminin ən həssas mövzularından biri olaraq qalır. Ermənistanın Baş naziri Nikol Paşinyanın “Sovet dövründəki sərhədlərin bərpa edilməli olduğu” barədə son bəyanatı isə prosesin gələcək istiqaməti ilə bağlı yeni müzakirələrə yol açır. Bu açıqlama həm tərəflərin mövcud sərhəd xəritələrinə yanaşmasını, həm də danışıqların strateji məntiqini bir daha gündəmə gətirir. Məsələ təkcə texniki xəttin müəyyənləşdirilməsi deyil, həm də regionun siyasi gələcəyini müəyyən edəcək əsas faktorlar sırasındadır.
Moderator.az mövzunun hüquqi, siyasi və geosiyasi tərəflərini aydınlaşdırmaq üçün məsələni hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərovla müzakirə edib.
– Üzeyir müəllim, Paşinyanın “Sovet dövründəki sərhədlər bərpa edilməlidir” bəyanatı Azərbaycanın maraqlarına nə dərəcədə uyğun gəlir? Bu yanaşma regiondakı danışıqlar prosesinə necə təsir göstərə bilər?
– Bu bəyanatın Azərbaycanın maraqlarına hər hansı mənfi təsiri yoxdur. Sovet dövründə Ermənistanın Azərbaycanın əraziləri hesabına müəyyən torpaqlar əldə etməsi faktdır. Əgər həmin dövrdəki sərhədlər bərpa olunarsa, ABŞ-da imzalanmış sənədlərə əsasən, Azərbaycanın buna etiraz etməyəcəyi ehtimal olunur. Bu addım regiondakı danışıqlar prosesinə də ciddi maneə yaratmaz, çünki hələ qarşıda həllini tapmalı çoxlu texniki məsələlər, tərəflərin görüşləri və icra mərhələləri mövcuddur.
Paşinyanın bu bəyanatı təsadüfi deyil. Ermənistan daxilində gərgin ictimai-siyasi vəziyyət fonunda o, sovet dövrü sərhədlərinin bərpası mövzusunu gündəmə gətirməklə həm daxili auditoriyaya mesaj verir, həm də son illərdə baş vermiş bəzi hadisələrin həllini hədəfləyir. Ermənistan cəmiyyətinin hökumətə yönəlik tələbləri də bu mövzunun qabardılmasına səbəb olur.
Lakin Azərbaycanın bu məsələyə hansı şərtlərlə yanaşacağı başqa mövzudur. Çünki Ermənistanın Azərbaycan qarşısında yerinə yetirməli olduğu mühüm öhdəlikləri var. İlk növbədə Qazaxın 3 kəndi və Kərki işğaldan azad edilməlidir. Bundan sonra danışıqlar prosesində digər məsələlərin müzakirəsinə keçmək mümkün olacaq.
– Onun “bizə məxsus, amma Azərbaycanın nəzarətində olan ərazilər” ifadəsi konkret olaraq hansı bölgələrə aiddir və bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilə bilərmi?
– Ermənistan rəhbərliyinin hansı konkret əraziləri nəzərdə tutduğunu hələ bilmirik. Bu barədə dəqiq danışmaq üçün tərəflər arasında imzalanmış sənədin məzmunu açıqlanmalıdır. Sənədin 11 avqust axşamı ictimaiyyətə təqdim olunacağı gözlənilir. Həmin vaxt Azərbaycanın Ermənistandan, Ermənistanın isə Azərbaycandan nələri tələb etdiyini aydın şəkildə görəcəyik.
Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev bir daha Azərbaycanın əsas tələblərindən birini gündəmə gətirib. Bu, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və sənəddə Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik imtina məsələsidir. Rəsmi Bakı bu şərti açıq şəkildə ortaya qoyub və dövlət başçısının sözlərinə görə, sülh müqaviləsinin imzalanması prosesi uzadılmamalıdır.
Bəzi xarici qüvvələr, xüsusilə prosesdən kənarda qalan Rusiya Ermənistana təzyiq göstərərək bu prosesi pozmağa çalışa bilər.
Qeyd edək ki, İran Vaşinqtonda imzalanmış sənədi dəstəklədiyini bəyan edib. Türkiyə və bir sıra ölkələr də bu dəstəyi göstərir. Rusiya isə hələlik mövzu ilə bağlı açıqlama verməyib.
– Sovet sərhədlərinin əsas götürülməsi beynəlxalq hüquq baxımından hansı nəticələr doğura və gələcək sülh razılaşmasının şərtlərini necə dəyişdirə bilər?
– Müşahidələr göstərir ki, sülhün əsas şərtləri tərəflər arasında kifayət qədər düşünülmüş şəkildə razılaşdırılıb. Gələcəkdə bu şərtlərə dəyişiklik edilməsi isə çətin görünür. Çünki sənəd dünyanın aparıcı gücü sayılan ABŞ-ın vasitəçiliyi ilə dövlət başçıları tərəfindən rəsmiləşdirilib.
Əlavə olaraq, onu da qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyan edib ki, iki xalq arasında ticarət əlaqələri qurulduqdan sonra proses yeni mərhələyə keçəcək. Bu yol çətin olsa da, onun baş tutacağına dair gözləntilər yüksəkdir.
Gələcək sülh razılaşmasının əsas konturları artıq müəyyənləşdirilib.
Ümid edilir ki, bu mühüm sənəd 2026-cı ildə imzalanacaq.