Elm və Təhsil Nazirliyinin idarə və müəssisələrinin “Azərbaycan Müəllimi” qəzetinə yeni abunə yazılışına başlanılıb.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı qəzetlə bağlanılmış müqavilələrdə dövrü mətbuatın, abunə yazılışı xidmətlərinin, eləcə də press-relizlərin yerləşdirilməsi xidmətinin satınalınması nəzərdə tutulur.
Belə ki, cari ilin hazırkı dövrünə qədər “Azərbaycan Müəllimi” qəzeti ilə nazirliyin aşağıdakı idarə və müəssisələri müəyyən vəsait müqabilində müqavilələr bağlayıblar:
Naxçıvan Dövlət Universiteti ilə redaksiya arasında bağlanılmış müqaviləyə əsasən, qəzet ali məktəbin bir illik press-relizlərini 4 000 manata dərc edəcək.
Eyni zamanda bu il abunə yazılışı ilə bağlı isə Quba-Xaçmaz Rayon Təhsil Şöbəsi 51 960 manat, Qarabağ Regional Təhsil İdarəsi 59 800 manat, Mil-Muğan Rayon Təhsil Şöbəsi 55 000 manat, Mərkəzi Aran Regional Təhsil İdarəsi 65 000 manat “Azərbaycan Müəllimi” qəzetinə ödəniş edib.
Ötən il isə “Azərbaycan Müəllimi” qəzetinin satın alınması ilə bağlı ən yüksək məbləğdə müqavilə bağlayan qurum Bakı Şəhəri üzrə Təhsil İdarəsi olub. Belə ki, İdarə ilə qəzetin redaksiya arasında bağlanılmış müqavilənin dəyəri 300 000 manat təşkil edib.
Qeyd edək ki, “Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin mətbuat orqanıdır və 1934-cü ildən fəaliyyət göstərir.