Keçmiş iqtisadiyyat naziri Heydər Babayevlə bağlı yayılan son məlumat cəmiyyətin diqqətini çəkib. Belə ki, onun həyat yoldaşı Aliyə Babayeva Lüksemburqdakı şirkətini bağlayaraq, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Digər tərəfdən, son illərdə Britaniya mənbəyi şübhəli olan sərvətlərə qarşı sərt nəzarət mexanizmlər tətbiq edir, bir sıra xarici iş adamlarının vəsaitlərini ya bloklayır, ya da dövlətin nəfinə keçirir. Bu baxımdan sabiq nazirin həyat yoldaşının addımı sorğulanır. İndi diqqətlər Babayevlər ailəsinə yönəlib.
Britaniya məhkəməsi onlara qarşı nə qədər dözümlü yanaşacaq? Əmlakların müsadirəsi riski varmı?
"DİA-AZ" xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Heydər Babayev dövlət vəzifəsinə gəlməmişdən əvvəl də uzun müddət xaricdə çalışıb:
“O, təhlükənin harada olduğunu yaxşı bilir. Böyük Britaniyada bir sıra vətəndaşlarımızın əmlaklarının müsadirə olunmasına baxmayaraq, keçmiş nazir bu riski nəzərə alıb. Heydər Babayev kifayət qədər savadlı və təcrübəli şəxsdir, həmçinin gəlirlərinin rəsmi mənbəyini göstərmək imkanına malikdir”.
Hüquqşünas bildirib ki, sabiq nazir dövlət vəzifəsinə gəlməzdən əvvəl biznes fəaliyyəti ilə məşğul olan nadir şəxslərdəndir:
“O, hələ Heydər Əliyevin dövründə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ilk rəhbəri olub. Həmin vaxtdan xaricdə əldə etdiyi gəlirləri mövcuddur. Buna görə də vəsaitlərinin mənbəyini sübut edə bilər. Düşünmürəm ki, o və həyat yoldaşı Böyük Britaniyada ciddi təhlükə ilə üzləşsin”.