Buğda qiymətlərində İran müharibəsi ilə əlaqəli olaraq gübrə tədarükündə yaranan çətinliklər və əlverişsiz hava şəraiti səbəbindən təxminən iki ayın ən böyük həftəlik artımı qeydə alınıb.
ABŞ, Avstraliya, Qara dəniz kənd təsərrüfatı bölgəsinin bəzi hissələrində və Avropa daxil olmaqla mühüm regionlarda müşahidə olunan quraqlıq buğda təklifi gözləntilərinə mənfi təsir göstərib.
"Vaisala XWeathe"nin son proqnozlarına görə, ABŞ-ın Böyük Düzənliklər bölgəsində quraqlıq şəraitinin davam edəcəyi gözlənilir.
Avstraliyada isə kənd təsərrüfatı resurslarında yaranan çatışmazlıq və davam edən quraqlıq əsas istehsalçı və ixracatçı ölkədə buğda əkin sahələrinə mənfi təsir göstərir.
Bundan əlavə, Qara dəniz regionunun bəzi hissələrində və Avropanın müəyyən bölgələrində də əlverişsiz hava şəraiti dünyanın ən böyük istehsal regionlarından bəzilərində buğda təklifini zəiflədib.
Hörmüz boğazı ilə bağlı mövcud problemlər enerji və gübrə böhranını uzadır və qlobal miqyasda əsas kənd təsərrüfatı məhsullarının istehsalını təhlükə altına qoyur.
Buğdanın qiyməti Çikaqo birjasında 6,07 dollar səviyyəsinə, Kanzas buğdasının qiyməti isə 6,56 dollar səviyyəsinə çatıb. Qarğıdalı və soya da bahalaşıb.
Qeyd edək ki, Azərbaycan buğda ilə bağlı əsasən idxalçı ölkədir. Son günlər buğda qiymətlərində baş verən artım Azərbaycanda un və un məmulatlarının, çörəyin bahalaşmasına gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Cebheinfo.az"-a bildirib ki, statistikaya baxdıqda biz özümüzü 25 faiz yerli istehsalla təmin edirik:
"Ancaq 75 faiz buğdanı xaricdən alırıq. Bu, kifayət qədər böyük rəqəmdir, asılılıq ciddidir. Azərbaycanın əsas buğda aldığı ölkələr əvvəllər Ukrayna, Rusiya və Qazaxıstan idi.
İndi daha çox Qazaxıstandan buğda alırıq. Dünya bazarında qiymətin artmasına gəldikdə, təqribən 8 faizə yaxın artım var ki, bu böyük bir rəqəm olmasa da, tendensiya artıma doğrudur.
Azərbaycana gətirilən buğdanın, ondan istehsal olunan unun qiymətini artıracaq. Yeri gəlmişkən, daşınma xərcləri də artır. Bütün bunlar onu deməyə əsas verir ki, biz yerli istehsalı artırmasaq, heç olmasa yarıya çatdırmasaq asılılığımız, xaricdə buğda qiymətlərinin artması fonunda Azərbaycana təsirləri qaçılmaz olacaq.
Nəticədə Azərbaycanda un və un məmulatları, o cümlədən çörəyin qiymətində artım olacaq. Ancaq Azərbaycanın xüsusi spesifik yanaşması var. Bizdə qiymət fərqli artır. Yəni çox zaman qiymət dəyişmir, ancaq çəkisi azalır.
Bu, faktiki olaraq bahalaşmadır. Ancaq insanları çox da narahat etmir. Çünki yenə 60 qəpiyə aldığı çörəyi həmin qiymətə alır. Düşünmür ki, əvvəllər 500 qram idi idisə, indi 400 qramdır. Bizdə çörəyin bahalaşması çəkinin azalması fonunda baş verir".








