Bir neçə gün əvvəl məlum oldu ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin yeni baş direktoru və qanuni təmsilçisi Samir Qibləliyev vəzifəli şəxsin yaxın qohumudur. “DİA-AZ” olaraq xəbər verdik ki, o, Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkənidir.
Xatırladaq ki, Samir Qibləliyev son təyinatadək Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru vəzifəsində Rəşad Daşdəmirov işləyib. Şirkətin faktiki rəhbəri isə Ruslan Eyyubov olub. Onların hər ikisi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. R.Daşdəmirov və R.Eyyubov qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində ittiham olunurlar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Ruslan Eyyubov Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur. Və o, həbs olunduqdan sonra əlindəki biznesini itirə-itirə gedir.
"Ruslan Eyyubovun həbsindən sonra daha bir şirkət - "NB QRUP" ASC də deputat Eldar İbrahimovun kürəkəni Samir Qibləliyevə həvalə olunub". "DİA-AZ" xəbər verir ki, bunu isə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.











