“Hesab edirəm ki, təcili qaydada müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Bu mənəvi durum Qalib xalqa yaraşmır”.
Tanınmış təhsil eksperti İlham Əhmədov bu fikri Moderator.az-a açıqlamasında “Son günlər ölkədə xüsusilə gənclər, məktəblilər, tələbələr arasında artan və insan itkiləri ilə nəticələnən bu aqressiya, amansız münasibətlərin səngiməsi, profilaktikası üçün hökumət və qeyri-hökumət qurumları hansı tədbirləri görməlidir və görə bilər?” sualını cavablandırarkən ifadə edib.
“Bəli, təəssüf ki, son günlər, qeyd etdiyiniz kimi, ölkədə, insanlar, xüsusən də gənclər, məktəblilər arasındakı münasibətlərdə baş verən amansızlıq, aqressiya aktları artmaqdadır. Əslində baş verən bər bir zorakılıq, qətl olayı bir və ya bir neçə nəfərin deyil, bütövlükdə ictimaiyyətin, Azərbaycanın faciəsidir. Elə bu günlərdə Gəncədə çox böyük amansızlıqla qətlə yetirilmiş 17 yaşlı Elgünün də faciəsi ictimai faciədir. Elgünün faciəsi fərdi deyil, bu ictimai hadisədir, ictimai problemdir. Bu cəmiyyətə ötürülən növbəti həyəcan siqnalıdır”,- davamında bunları söyləyən ekspert hesab edir ki, ölkədə belə faciəvi hadisələrdən heç bir gənc, heç bir ailə sığortalanmayıb.
Bəs belə olayların profilaktikası, onların sayının minimuma endirilməsi üçün nə etmək gərəkdir? Öncə cəmiyyət, hər bir vətəndaş bu cür hadisələrə biganə qalmamalı, ciddi düşünməli, yaranmış vəziyyətdən çıxış yolları axtarmalıdır. Əks halda gələcəkdə daha böyük faciələr, daha ağır durum yarana bilər. Cəmiyyət saflaşmalı, özü-özünü təkmilləşdirməli, milli- mənəvi dəyərlərə qayıtmalıdır. Dövlət və hökumət qurumları nə edə bilər? Əlbəttə, əvvəla, təhsil, mədəniyyət, səhiyyə, gənclər, KİV siyasətlərinə bir daha, yenidən baxılmalıdır. Bu sahələrdə edilən çoxsaylı səhvlər ciddi araşdırılmalı, aradan qaldırılmalı, ictimai nəzarətin keyfiyyəti yüksəldilməlidir”, - alim pedaqoq belə düşünür.
İlham Əhmədov bütün problemlərin həllində olduğu kimi, sözügedən müşkülün həlli üçün də ölkədə azad və tənqiqi düşüncənin, müzakirələrin varlığı da önəmli rol oynadığını bildirib:
“Cəmiyyət tənqidə, alternativ fikirlərin müzakirəsinə açıq olmalıdır. Bir çox sahələrdə şəffaflıq artırılmalı, ictimaiyyətin ötürdüyü həyəcan siqnalları aidiyyatı qurumlar tərəfindən vaxtında və obyektiv tədqiq edilməli, düzgün qərarlar qəbul edilməlidir. Cəmiyyət bu qərarlar haqqında məlumatlandırılmalıdır”.
İnzibati orqanların belə hadisələrin təkrarlanmaması üçün qanunun aliliyini tam təmin etməsinin vacibliyini vurğulayan ekspert ölkədə amansız münasibət və qətllərin sayının minimuma endirilməsində əsas yükün təhsil sisteminin üzərinə düşdüyünü diqqətə çatdırıb:
“Cəmiyyətdə insani dəyərlər, insanı hisslər, hətta bir çoxları üçün milli maraqlar artıq yox olmuşdur. İdeoloji boşluğun olması, hər işin pula bağlanması gənclərin tərbiyəsində öz dağıdıcı rolunu göstərir. Bu proseslərdə məsuliyyət daha çox təhsil sisteminin üzərinə düşür.
Təəssüf ki, son illər məktəblərdə təlim-tərbiyə prosesi pozulmuş, təhsil sistemində illər ərzində davam edən səhv strategiyalar, uğursuz islahatlar, qüsurlu kadr siyasəti sonda bu sahədə xaos və anarxiyanın yaranmasına səbəb olmuşdur. Fotomodelə oxşayan, bahalı avtomobillərdə gəzən, çox vaxt layiq olmadıqları halda məktəb direktorları təyin edilən belə “pedaqoq”ların vaxtaşırı “pul razborkası”na həsr edilən səsli mesajları məktəbdə təlim-tərbiyə prosesinin vəziyyətini aydın göstərir. Bütün bunlar isə Elm və Təhsil Nazirliyinin belə neqativlərə susqunluğu və biganəliyi şəraitində baş verir. Reaksiyalar isə geçikmiş və ictimailəşmiş hadisələrə qarşı olur, özü də tək-tük hallarda...”
Ekspert uşaqlar, yeniyetmə və gənclərimiz üçün nümunəvi, etalon olan şəxsiyyətlərin azlığının ölkədə neqativ olayların artımında xüsusi rol oynadığını da nəzərə çatdırıb:
“Bu gün gənclərin özlərinə ideal seçəcək, ona oxşamağa çalışacaq, yüksək milli- mənəvi dəyərlərə sahib- yəni, yalan danışmayan, haram yeməyən, korrupsiyaya qurşanmayan, yüksək vəzifəlilərə yaltaqlıq etməyən şəxsiyyət nümunələrinə çox ehtiyacı var. Amma bu gün belələrinə nəinki həyatda, heç ədəbiyyatda, kino ekranında, TV verilişlərdə də rast gəlmək çətindir.
TV kanalların təbliğ etdiyi bayağı, mənəviyyatsız verilişlər, seriallar öz bəhrəsini verməkdədir. Müqəddəs yer boş qalmaz. Bu “nümunəvi etalon” obrazını son illər kriminal aləmin nümayəndələri tutur. Hətta təhsil müəssisələrdə keçirilən kütləvi tədbirlərdə də vətənpərvərlik mahnıları əvəzinə, daha çox kriminal aləmə xas musiqilər eşidilir.
Ölkədə kitabxanalar azalsa da, mərc oyunları, TOPAZ-xanalar artmaqdadır. Bu duruma getdikcə artan narkotik aludəçiliyini, insan alveri, şübhəli “massaj salonları”nı da əlavə etsək, ümumi durum aydın olar”.
“Təcili qaydada müvafiq hökumət qurumları tərəfindən müvafiq qərarlar və konkret işlər görülməsə, gələcəkdə belə faciələr daha da arta bilər. Bu durum ölkənin imicinə, suverenliyinə, təhlükəsizliyinə də təhdid yaradır. Belə mənəvi durum Qalib xalqa yaraşmır...
Suverenlik və konstitusiya ili həm də milli-mənəvi dəyərlərə “böyük qayıdış”ın başlanğıc ili kimi tariximizdə qalmalıdır”, - deyə sonda İlham Əhmədov vurğulayıb.