Hazırda Qarabağdan Ermənistana köçmüş ermənilər arasında aktiv siyasi çağırışlar var.
Moderator.az xəbər verir ki, bu haqda “İravunk” qəzeti yazır.
Qəzetin yazdıqlarından bəlli olur ki, Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında Yuxarı Qarabağdakı separatçı-terrorçu erməni qruplaşmalarına qarşı nəzərdə tutulmuş bir sutkalıq lokal əməliyyatından sonra sərhədimizdən bizə rəsmən məlum olmayan şəraitdə hansısa yollarla Ermənistana keçə bilmiş iki terrorçu erməni generalı daha çox fəallaşıb. Onlardan biri bu yaxınlarda işğalçı Rusiya diktatoru Vladimir Putinə ermənilərin Qarabağa qaytarılmasına kömək etməsi xahişi yer alan məktub ünvanlamış məşhur Xocalı canisi, general-mayor Vitali Balasanyan, digəri isə 1994-cü ilin mayında Bişkekdə Azərbaycan tərəfi ilə atəşkəs sazişinə imza atmış Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin qondarma “müdafiə naziri”, “komandos” ləqəbli general Samvel Babayandır.
Məlumata görə, Balasanyan öz ətrafındakıları birləşdirərək digər Xocalı canisi "Robert Köçəryanın düşərgəsində mövqe tutmağa çalışır".
Qarabağdan köçkün ermənilərin digər böyük bir qrupu isə “artıq “komandos”un himayəsi altına keçib. Belə ki, Samvel Babayan Qarabağdan köçmüş “müxtəlif erməni iş adamlarına, əgər sonuncular həqiqətən ona və indiki hakimiyyətə sadiqlik nümayiş etdirsələr, biznes sahəsində uğur qazanacaqlarına söz verib”...