28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə göndərilən təbriklərin arasında Rusiya və ABŞ prezidentlərinin imzaladıqları mətnlərdəki mesajlar diqqət çəkdi.
Putin azərbaycanlı həmkarına ürək sözlərini yazandan sonra qeyd edib: "Rusiya-Azərbaycan əlaqələri müttəfiqlik səviyyəsinə çatıb", "qarşılıqlı faydalı əməkdaşlığın əlavə potensialı var".
Bu ifadələr Bakının regionda və ondan kənarda yürütdüyü müstəqil xarici siyasətdən dolayı narahatlığı ifadə edir. Təbrikdəki həmin ifadələr Kremlin Azərbaycanı öz təsir dairəsində saxlamaq istədiyinə dair sətiraltı mesaj kimi də yozula bilər. Xüsusilə 2024-cü ilin dekabrında baş verən AZAL təyyarəsinin vurulması hadisəsindən sonra ikitərəfli münasibətlərdə müşahidə edilən gərginlik fonunda bu cür eyhamlar daha da aktuallaşır.
Rusiya tərəfi bu hadisəni "texniki səhv" kimi qələmə verməyə çalışsa da, Azərbaycan bu izahatı yetərli hesab etmədi və məsuliyyətin tam şəkildə etiraf olunmasını tələb etdi. Hadisə ictimaiyyətdə ciddi qəzəb dalğası yaratdı, lakin Azərbaycan rəsmiləri aqressiv bəyanatlardan çəkinərək, diplomatik yol axtarışına üstünlük verdi. Rusiya rəhbərləri də rəsmi açıqlamalarda təmkini qorusalar da, Kremlə bağlı mediada Azərbaycanı tənqid edən və Qarabağdan "sülhməramlıların vaxtsız çıxarılmasını" neqativ kontekstdə şərh edən materiallar çoxaldı.
Gərginliyin təzahürlərinə gəlincə, 2025-in ilk aylarında Rusiya və Azərbaycan rəsmiləri arasında işgüzar görüşlər səviyyəsində əlaqələr saxlanılsa da, əvvəlki illərdəki siyasi səviyyəli səfərlər təxirə salındı. İqtisadi və enerji sahələrində texniki əlaqələr davam etsə də, Rusiya ölkə daxilindəki azərbaycanlı miqrantlara, gömrük prosedurlarına, sərhəddəki yük dövriyyəsinə qeyri-rəsmi təzyiqlərini artırdı. Bütün bunlar qeyri-adi miqrant nəzarəti, sərt gömrük tələbləri və səyahət məhdudiyyətləri ilə müşahidə edilib.
Şübhəsiz, Rusiya, sülhməramlıların Qarabağdan məcburi çıxarılmasından sonra bu regionda öz təsir imkanlarını qorumaq üçün yeni manevrlərə əl atır. Lakin Azərbaycan bu cəhdləri neytrallaşdırmaq siyasətini izləyir.
Son 5 ayda Rusiya mediasında Azərbaycan əleyhinə kampaniyanın gücləndiyi müşahidə olunur. Xüsusilə dövlətə bağlı telekanallar və xəbər portalları vasitəsilə aşağıdakı istiqamətlərdə məqsədli informasiya basqısı aparılır;
Qarabağdakı sülhməramlıların çıxarılmasının erməni əhaliyə təhlükə yaratdığı iddia olunur.
Azərbaycan rəhbərliyinin qərarları "Qərbin diktəsi" ilə əlaqələndirilir.
Bəzi ekspert və politoloqlar vasitəsilə Azərbaycan "etibarsız tərəfdaş", "təcavüzkar siyasət yürüdən ölkə" kimi təqdim olunur.
Bu informasiya hücumlarının məqsədi:
Azərbaycan ictimai rəyində çaşqınlıq yaratmaq,
İki ölkə arasında etimadı sarsıtmaq,
Azərbaycanın müstəqil siyasət yürütməsinə qarşı informasiya təzyiqi formalaşdırmaqdır.
Moskvanın media vasitəsilə apardığı bu təbliğat həmçinin regionda Rusiyanın təsir imkanlarını qoruyub saxlamaq, Cənubi Qafqazda öz hegemonluğunu gücləndirmək məqsədi daşıyır.
Rusiya ilə qeyd olunan çərçivəyə girən münasibətlərə paralel olaraq son 5 ayda Prezident İlham Əliyevin çıxışlarında Avropa və Qərb dövlətləri ilə strateji tərəfdaşlığın önəmi vurğulanıb. Fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edən Azərbaycan lideri ölkəmizin Aİ-nin enerji təhlükəsizliyindəki rolunu qeyd edib. Brüsseldə yüksək səviyyəli enerji görüşləri və böyük həcmdə qaz ixracı perspektivləri Azərbaycanın Qərb bazarına inteqrasiyanı dərinləşdirməkdə marağını göstərir.
Avropa ilə yanaşı ABŞ ilə də münasibətlərdə Bayden administrasiyası dövründə yaşanan gərginlik dondurulub. Doğrudur, dövlət katibi Mark Rubio Senatda keçirilən dinləmələrdə bəzi “ehtiyatsız” ifadələr səsləndirsə, ABŞ Senatının bəzi üzvləri tərəfindən Azərbaycana dair tənqidi çıxışlar səslənsə də, Vaşinqtonla enerji, regional sabitlik və sülh prosesi kontekstində dialoq davam edir. Mayın 28-də ABŞ Prezidenti Donald Trampın İlham Əliyevə göndərdiyi təbrik məktubu Vaşinqton-Bakı xəttində yeni münasibət tonunun mümkünlüyünə işarə etdi. Tramp məktubunda Azərbaycanla əlaqələrin strateji əhəmiyyətini vurğulayıb. Bundan sonra Trampa yaxınlığı ilə tanınan ABŞ senatoru Stiv Deynisin Bakıya səfəri və Azərbaycanın yüksək rəhbərliyi ilə keçirdiyi görüşlər, ABŞ Konqresində Azərbaycanla əməkdaşlığa marağın davam etdiyini göstərir.
Ötən 5 ayda qonşu İranla Azərbaycan arasında 2023-cü ilin sonlarında yaranmış gərginliyə baxmayaraq, münasibətlərdə sabitlik qorunub. Astara dəhlizi və yük daşımaları sahəsində əməkdaşlıq, Tehrandakı Azərbaycan səfirliyinin yenidən açılması və ikitərəfli komissiyaların fəaliyyətini davam etdirməsi, Prezident Məsud Pezeşkianın Azərbaycana səfir, Bakının bir sıra tələblərinin yerinə yetirilməsi münasibətlərdə yeni səhifənin açılmasının əlamətidir.
Ankara və İslamabadla münasibətlərə gəlincə, müttəfiqlərlə strateji əlaqələrin daha da dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində əsas prioritetidir. Türk Dövlətləri Təşkilatında Azərbaycan liderliyi davam edir. Türkiyə ilə hərbi təlimlər və iqtisadi forumlar keçirilir. Pakistanla diplomatik əlaqələr, təhsil mübadilələri və hərbi sahədəki yeni addımlar diqqət çəkir. Habelə Azərbaycanın bu ölkəyə 2 milyard dollarlıq sərmayə yatırmaq planları, Baş nazir Şahbaz Şərifin Türkiyə lideri R.T.Ərdoğanla eyni gündə Azərbaycana səfəri də müttəfiqlər üçbucağının yaxşı perspektivlərinə ümidlər yaradır.
Azərbaycan-İsrail münasibətləri də son aylarda yeni mərhələyə qədəm qoyub. Türkiyədə bəzi rəsmilərin və deputatların sərt çıxışlarına baxmayaraq, Ankaranın bu münasibətlərə loyallığı təmin olunub. İsrailin Azərbaycandakı diplomatları siyasi və texnoloji sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Müdafiə texnologiyaları və pilotsuz uçuş aparatları ilə bağlı sərgi və seminarlar keçirilir.
Beləliklə, Azərbaycan 2025-ci ilin ilk beş ayında balanslı və çoxvektorlu xarici siyasət kursunu qoruyub. Rusiya ilə soyuq, təmkinli əlaqələr saxlanılmaqla yanaşı, Avropa və ABŞ ilə praqmatik yanaşma davam etdirilir. İranla səssiz sabitlik, Türkiyə və Pakistanla strateji ittifaq, İsraillə isə təhlükəsizlik yönümlü əməkdaşlıq Azərbaycanın geosiyasi koordinat sisteminə yeni ölçülər qazandırır. Hazırkı şəraitdə Azərbaycan regional oyunda öz masasını qurur və qaydaları özü müəyyənləşdirməyə çalışır.
Pressklub.az