Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.
Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Vahid aylıq müavinəti daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacaq.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Məcburi köçkün statusu nə vaxt ləğv olunur və status ləğv olunduqda məcburi köçkün tələbələrə olan güzəşt də ləğv olunacaqmı?
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Cebheinfo.az"-ın sorğusun cavab olaraq bildirilib ki, məcburi köçkünlərin statusun verilməsi və onun itirilməsi halları 1999-cu ildə qəbul edilmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:
"Qanuna görə, vətəndaş məcburi köçkün statusunu iki halda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.
Məcburi köçkün statusu qüvvədə olduğu müddətdə keçmiş məcburi köçkünlər dövlət tərəfindən onlar üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edir, eləcə də dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edilir.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müdafiə tədbirləri, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023–2024-cü tədris ilində 10 mindən çox məcburi köçkün tələbənin təhsilhaqqı dövlət tərəfindən ödənilib. Bu tələbələrin böyük əksəriyyəti ödənişli əsaslarla universitetlərdə təhsil alır.